Ukraynalı hərbi bloqer Donetsk istiqamətindəki vəziyyəti açıqlayıb.
KONKRET.az xəbər verir ki, Ukraynalı hərbi bloqer Oleq Petrenko Donetsk istiqamətində cəbhədəki son vəziyyətlə bağlı məlumat verib.
Onun sözlərinə görə, artıq təxminən bir aydır Ukrayna bölmələri Donbasda Çasov Yar şəhərinin cənub hissəsində mövqelərini qoruyub saxlayır.
Bu vəziyyət Rusiya qüvvələrinin həmin sahədən irəliləməsinin və Konstantinovka istiqamətində təzyiqi artırmasının qarşısını alır.
Rusiya mənbələrinin məlumatına görə, Ukrayna hərbçiləri ərzaq bazası ərazisindən rus bölmələrini geri çəkilməyə məcbur edib. Hazırda bu ərazi intensiv artilleriya atəşinə məruz qalır.
Konstantinovka istiqamətində isə Rusiya qüvvələri hücum cəhdlərini davam etdirir.
Əsas döyüşlər “Metallurq” bağ kooperativi ətrafında gedir. Bundan əlavə, rus hərbçilər “Mayak” yarımstansiyası vasitəsilə şəhər ərazisinə daxil olmağa və “Ximik” bağ sahəsinə çıxmağa çalışırlar. Ukrayna qüvvələri isə bölgədə fəaliyyət göstərən diversiya qruplarını aşkar edib zərərsizləşdirmək üçün aktiv tədbirlər görür.
Dobropolye istiqamətində də aktivlik müşahidə olunur. Rusiya qüvvələri Qrişino və Rodinskoye yaşayış məntəqələrinə diqqət yetirir və bu əraziləri cənubdan mümkün hücum üçün dayaq nöqtəsi kimi nəzərdən keçirir.
Qrişinoda Rusiya qüvvələrinin iki küçə boyunca irəlilədiyi və daha sonra kiçik hücum qrupları ilə hücumları davam etdirdiyi bildirilir.
Rodinskoye ərazisində isə bütün hücum cəhdləri Ukrayna Müdafiə Qüvvələri tərəfindən dəf edilib və cəbhə xətti dəyişməz qalıb.
DeepState analitik layihəsinin məlumatına görə, Rusiya qüvvələri Zaporojye istiqamətində də irəliləyərək Qulyaypole yaxınlığında yerləşən Mirnoye yaşayış məntəqəsi ətrafında mövqelərini genişləndirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
