Qarabağdakı rus sülhməramlılarının BMT mandatına ehtiyacı yoxdur.
KONKRET.az xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Petr İliçev deyib.
“Rusiya sülhməramlı kontingenti Qarabağ münaqişəsi zonasında sabitliyin qorunmasının yeganə təminatçısı olaraq qalır. Ona BMT mandatı verməyə ehtiyac yoxdur”, – deyə o bildirib.
İliçev bunu onunla izah edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatında Rusiya sülhməramlılarının fəaliyyət üsulları artıq müəyyən edilib.
“Bu məsələdə konfliktin iştirakçıları arasında konsensus var”, – deyə İliçev qeyd edib.
O, bu faktı açar adlandırıb.
“Rusiya sülhməramlılarının fəaliyyəti həm Ermənistan, həm də Azərbaycan tərəfindən dəstəklənir. Ərazinin yekun statusunun qeyri-müəyyənliyi kontekstində bu, çox böyük əhəmiyyət kəsb edir”, – deyə diplomat qeyd edib.
O, BMT sülhməramlılarının Qarabağa göndərilməsinin mümkünlüyü barədə də danışıb.
“BMT Təhlükəsizlik Şurasının sanksiyasını tələb edəcək beynəlxalq sülhməramlı kontingentin göndərilməsi ideyasının praktiki həyata keçirilməsi çətin ki, real olsun”, – diplomat bildirib.
İliçev qeyd edib ki, Qarabağda beynəlxalq və xarici təşkilatlar arasında yalnız Beynəlxalq Qızıl Xaç Komitəsi fəaliyyət göstərir.
Xuraman Etibarlı,
KONKRET.az
