Rusiyadan Kiyevə kütləvi raket zərbələri: ölənlər və yaralananlar var backend

Rusiyadan Kiyevə kütləvi raket zərbələri: ölənlər və yaralananlar var 

Rusiyanın silahlı qüvvələri avqustun 1-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə və vilayətin bir sıra ərazilərinə kütləvi raket zərbələri endirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində azı 9 nəfər ölüb, 23 nəfər yaralanıb. Yaralananlar arasında uşaqların da olduğu bildirilir. Kiyev meri Vitali Kliçko yaralılardan ikisinin 13 və 17 yaşlı iki oğlan olduğunu deyib.

“Hücum zamanı ballistik raketlərdən, o cümlədən “Sirkon” hipersəs raketlərindən istifadə edilib. Raket zərbələri nəticəsində Kiyevin Darnıtski, Solomyanski, Şevçenkivski, Dneprovski və Peçerski rayonlarında yaşayış və qeyri-yaşayış binaları zədələnib, çoxsaylı yanğınlar baş verib. Raket qalıqları binalara və avtomobillərə düşüb.

Ən ağır itkilər Darnıtski rayonunda qeydə alınıb. Burada 7 nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılar arasında iki uşaq var. Rayon ərazisində inzibati və qeyri-yaşayış binalarında yanğınlar baş verib, avtomobillər yanıb, yaşayış evlərinə ciddi ziyan dəyib. Xilasedicilər hadisə yerində raketin yaratdığı krateri də aşkar ediblər.

Solomyanski rayonunda isə iki nəfər həyatını itirib, səkkiz nəfər yaralanıb. Yaralılar arasında iki uşaq da var. Hücum nəticəsində beşmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb, dayanacaqda avtomobillər alovlanıb. Xilasedicilər binadan 35 sakini təxliyə edib, üç yaralını xəstəxanaya çatdırıblar.

Şevçenkivski rayonunda qeyri-yaşayış binasında və kinostudiyanın ərazisində yanğın baş verib. Bundan başqa, təcili tibbi yardım avtomobillərinə ziyan dəyib. Dneprovski rayonunda mağaza, Peçerski rayonunda isə fərdi yaşayış evləri və yardımçı tikililər zərər görüb.

Hücumlar Kiyev vilayətinin Buça rayonunu da əhatə edib. Burada anbar və yaşayış məntəqələrində yanğınlar qeydə alınıb. Şəhərdə onlarla güclü partlayış səsi eşidilib”, – məlumatda qeyd edilib.

Hazırda xilasedicilər və digər operativ xidmətlər dağıntılar altında qalan şəxslərin axtarışını və təxliyəsini davam etdirirlər. Ukrayna rəsmiləri axtarış-xilasetmə əməliyyatlarının sürdüyünü, ölən və yaralananların sayının arta biləcəyini bildiriblər.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*