Ötən gün – 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın birinci ildönümü ərəfəsində Ermənistan müdafiə nazirinin Azərbaycan ərazilərinə icazəsiz səfəri, Kəlbəcərdə yol çəkən mühəndis texnikalarını atəşə tutması yenidən Qarabağla bağlı qarışıq gündəm yaradıb.
Proseslər nəyə hesablanıb?
Mövzunu KONKRET.az-a şərh edən Azərbaycan Yüksəliş (AY) Partiyasının başqanı Anar Əsədli bildirib ki, baş verənlər nəticə etibarilə bir hədəfə – məğlubiyyətdən sonra diqtə edilən şərtlərdən yayınmağa yönəlib:
– Dövlət başçılarının üçtərəfli görüşünün Paşinyan tərəfindən təkzib olunması bunun bir göstəricisi idi. Görünür, bu görüş həqiqətən planlaşdırılmışdı. Hər halda Kremlə yaxın agentlik boş məlumatı bu cür tirajlamazdı. Hərçənd biz bu görüşün olacağına şübhə ilə yanaşmışdıq. Çünki bu tarixdə ölkəmizdə Vətən müharibəsində qazanılan zəfərin ildönümünün olması, İrəvanda isə məğlubiyyətin ildönümü münasibətilə etirazların planlaşdırılması göstərirdi ki, görüş həmin tarixdə keçirilməyəcək.Bu azmış kimi, müdafiə naziri Qarabağa səfər edir.
Avtomatik sual yaranır: Laçın dəhlizinə yerləşən, bəli, yerləşdirilən yox, məhz yerləşən rus xoşməramlılıqdan uzaq qüvvələri nə işə baxır?
Missiyaları ermənilərin köçürülməsi, inşaat işlərinə yardım edilməsi idi? Yoxsa təhlükəsizliyə təhdid yaradan havada uçan quşu belə müşahidə etmək və qarşısını almaq? Bu sual ritorikdi, bir ildir deyirik, cavabı yoxdur. İkinci sual Azərbaycan tərəfinə ünvanlanır ki, biz nəyə görə hələ də rusların varlığına göz yummalıyıq?

Ardınca Peskovun “malalamaq” məqsədli bəyanatı səslənir. Bir neçə gün öncə görüşlə bağlı fikirlərinin əksini səsləndirdi və Ermənistanın görüşdən yayındığı görüntüsünü verməyə çalışdı. Lakin çox absurddur. Amerika kimi supergüc dövlətin baş edə bilmədiyi Rusiya Ermənistanla “dil tapa bilmir”? Bir ölkənin razı olduğu şərtlərə onun forpostu nə vaxtdan burun çevirə bilər?
Əslində, məsələ ondan ibarətdir ki, İrəvan keçiriləcək görüşün əsas gündəmi olan delimitasiya məsələlərindən yayınıb vaxt qazanmağa çalışır. Xüsusən ABŞ dövlət katibinin bu dövrdə bölgəyə səfəri timsalında Paşinyanın “şıltaqlığı” anlaşılandır. Lakin nə qədər axmaq olursa-olsun, bir ölkənin baş naziri səviyyəsinə qalxan şəxs hər halda anlayır ki, kimdən yardım ummasından asılı olmayaraq, şərtlərə boyun əyməlidir.
Builki 9 noyabr görüşündən yayına bilər. Keçən il imzaladığı kapitulyasiya aktının 4-cü bəndi yerinə yetirilməlidir, separatçılar ərazimizdən təmizlənməlidir. Bu məqsədlə bəyanatda “Ermənistan separatçı qüvvələri” deyil, israrla “erməni separatçıları” ibarəsindən istifadə edilib ki, qarşı tərəf separatçı qüvvələrin Ermənistana aid olmadığını bəhanə edib yayınmasın. Lakin bəyanatın imzalanmasından 1 il keçməsinə baxmayaraq, vəziyyət daha da gərginləşir.
Məğlub olan dövlətin müdafiə naziri qollarını sallayaraq Azərbaycan ərazisinə keçir və qondarma həmkarıyla görüşür. Əslində, bir daşla iki quş vurmağa çalışır. Həm demək istəyir ki, görüş keçirilsə də, biz kommunikasiyalara razılıq versək də, lap sərhədlər müəyyənləşdirilsə də, Qarabağ məsələsi bizim üçün həll edilməyib. Həm də Rusiyanın imicini korlayıb, onun bölgədə heç bir işə yaramadığını göstərməyə çalışır. Yəqin ki, ABŞ dövlət katibinin müavininin də bu mesajda payı az deyil. Hərçənd kimin kimə nə mesaj verdiyinin bizim üçün heç bir önəmi yoxdur. Bizim üçün tək məsələ üçtərəfli bəyanatın şərtlərinə Ermənistanın riayət etməməsi və Rusiyanın da bütün bunlara göz yummasıdır.
Nəhayətdə Azərbaycan tərəfi məsələyə artıq son nöqtəni qoymalıdır. Düzdür, Karapetyanın Qarabağa səfərinə Azərbaycan Müdafiə Nazirliyinin cavabı təqdirəlayiqdir. Cavabda qarşı tərəfə həm antiterror əməliyyatı ilə bağlı xəbərdarlıq edilir, həm də müharibədə məhv edilmiş erməni generallarının aqibəti xatırladılır və dolayısı ilə “bir də bizim torpaqlara gəlsəniz, taleyinizin nə olacağını düşünün” deyir. Ancaq bizimki artıq deməkdən keçib, zaman icra zamanıdır.
Görüşdükləri məkanlar, tanış olduqları mühəndislik işləri onların başına yıxılmayınca, hələ mətbuat çox karapetyanların səfərini tirajlayacaq, hələ çox “Kəlbəcər təxribatları” törədiləcək. Görünür, yumruğa öyrəşən başlarının yenə buna ehtiyacı var. Üstəlik, Rusiya Silahlı Qüvvələri bütün bunları görməzdən gəlirsə, biz də onların müvəqqəti yerləşdirildiyi ərazilərə nəzarəti ələ alıb, elə onlara da layiqli cavabımızı verməliyik.
KONKRET.az

Bəs nəyi və niyə gözləyirik?? Yenə bir 30 il keçməlidir ki, biz Laçın dəhlizinə nəzarəti ələ ala bilək ??