Ukrayna Silahlı Qüvvələri Rusiyanın ən iri neft emalı zavodlarından birinə zərbə endirib.
KONKRET.az xəbər verir ki, Ukrayna PUA-ları Yaroslavl şəhərinə hücum edib.
“Shot” yerli sakinlərə istinadən xəbər verir ki, şəhərdə təxminən yeddi partlayış baş verib, ardınca rayonlardan birində tüstü sütunu yüksəlib. Yaroslavl vilayətinin hakimiyyəti uçuş təhlükəsi rejimi elan edib, lakin dağıntılar və xəsarət alanlarla bağlı rəsmi məlumat yoxdur.
Astra mənbələrinin məlumatına görə, hücumun əsas hədəfi “Slavneft-YANOS” ASC-yə məxsus Novo-Yaroslavl Neft Emalı Zavodu olub. Müəssisədə güclü yanğın baş verdiyini “Аргументы и факты” də təsdiqləyib. Hadisə ilə əlaqədar Yaroslavlda Moskva prospektinin və M-8 magistralının şəhərə giriş hissəsi bağlanıb.
Novo-Yaroslavl NEZ Mərkəzi Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir. Zavodun illik ilkin emal gücü 15 milyon ton təşkil edir. Müəssisənin sahibi olan “Slavneft”in 99,7% səhmləri “Rosneft” və “Qazprom” tərəfindən idarə olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az
