Rusiyaya qarşı fəaliyyət göstərən təşkilatların SİYAHISI yayıldıbackend

Rusiyaya qarşı fəaliyyət göstərən təşkilatların SİYAHISI yayıldı

Xaricdə yaşayırsınız və təcili yardıma ehtiyacınız var? Rusiyanın müstəqil nəşri “Meduza” xaricdə yaşayan rusiyalılara hüquqi, psixoloji, sosial və digər istiqamətlərdə dəstək göstərən təşkilatların siyahısını hazırlayıb.

Xaricə köçmək heç də həmişə yeni həyata asan başlanğıc demək deyil. Miqrantlar yalnız yeni qanunları və davranış qaydalarını öyrənmək, yerli dilə yiyələnmək, sıfırdan sosial əlaqələr qurmaqla kifayətlənmirlər. Onlar eyni zamanda öz hüquqlarını müdafiə etməyə də hazır olmalıdırlar. Məsələn, bank hesabının əsassız şəkildə bloklanması, sənədlərin verilməsindən imtina edilməsi və ya miqrasiya prosedurları ilə bağlı çətinliklər ciddi problemlərə səbəb ola bilər.

Xüsusilə son dövrlərdə dünyanın müxtəlif ölkələrində miqrasiya qaydalarının sərtləşdirilməsi sənədləşmə prosesini daha da çətinləşdirib. Belə vəziyyətlərdə bir çox insan xaricdə tamamilə köməksiz və tək qaldığını düşünür. Lakin bu, heç də belə deyil.

“Meduza” xaricə köçmüş rusiyalılara, eləcə də onların yanına getməyi planlaşdıran şəxslərə müxtəlif istiqamətlərdə yardım göstərən təşkilat və təşəbbüsləri bir araya gətirib.

Bütün ölkələrdə fəaliyyət göstərən təşkilatlar

“Kovçeq” (“Gəmi”)

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanmasından qısa müddət sonra fəaliyyətə başlayan “Kovçeq” xaricdə yaşayan rusiyalılara dəstək verən ən böyük təşkilatlardan birinə çevrilib.

Təşkilat ilkin olaraq Telegram üzərindən hüquqi yardım botu ilə fəaliyyətə başlayıb. Daha sonra psixoloji məsləhət xidmətləri yaradılıb, İrəvan və İstanbulda sığınacaqlar açılıb.

Hazırda “Kovçeq” dil kursları təşkil edir, insanların yeni peşələrə yiyələnməsinə kömək göstərir. Bununla yanaşı, müxtəlif ölkələrdə yaşayan rusiyalılar üçün leqallaşma, vətəndaşlıq əldə etmək, biznes qurmaq, iş tapmaq və ali təhsil müəssisələrinə qəbul məsələlərinə dair təlimatlar hazırlayır.

Təşkilatın müxtəlif ölkələr və fəaliyyət istiqamətləri üzrə 50-dən çox ünsiyyət qrupu, həmçinin canlı görüşlər təşkil edən “Kovçeq.Biznes” icması fəaliyyət göstərir.

“Equal PostOst”

LGBTQ icmasının üzvlərinə dəstək göstərən təşkilat Avropa İttifaqı ölkələrində təcili yaşayış yeri, hüquqi yardım və psixoloji məsləhət xidmətləri təqdim edir. Həmçinin siyasi məhbusların təxliyəsi və onlara dəstək göstərilməsi ilə məşğul olur.

“Reforum Space”

2022-ci ildə “Azad Rusiya” Fondu (Rusiya hakimiyyəti tərəfindən “arzuolunmaz” və “ekstremist” təşkilat elan edilib) Reforum Space layihəsini yaradıb.

Layihə Berlin, Vilnüs və Parisdə fəaliyyət göstərən üç məkandan ibarətdir. Bu məkanlardan müharibə əleyhinə fəallar, müstəqil jurnalistlər, hüquq müdafiəçiləri, mədəniyyət xadimləri və alimlər istifadə edə bilərlər.

Reforum Space çərçivəsində pulsuz kovorkinq və video-studiyalar təqdim olunur. Burada xaricdə uyğunlaşma, bürokratik prosedurlar və sənədləşmə məsələləri ilə bağlı mühazirələr və məsləhətləşmələr təşkil edilir.

Digər dəstək təşəbbüsləri: “Hamıya sülh” hərəkatı müharibəyə qarşı mövqeyinə görə təqiblərə məruz qalan din xadimlərinə, o cümlədən Rusiyada və xaricdə yaşayan keşişlərə dəstək verir.

Cənubi Qafqaz ölkələrində fəaliyyət göstərən təşkilatlar

“inTransit”

inTransit layihəsi Rusiyadan Gürcüstana, Ermənistana, Monteneqroya və Qazaxıstana köçmək istəyən şəxslərin təxliyəsinə kömək edir. Həmçinin sonradan Avropa İttifaqı ölkələrinə köçmək üçün zəruri sənədlərin əldə olunmasına dəstək göstərir.

Rusiyadan təxliyəyə kömək edən digər təşkilatlar: SK SOS (Rusiyada “ekstremist” təşkilat elan edilib), Şimali Qafqaz sakinləri ilə işləyən “Marem” və fəalların, jurnalistlərin, hüquq müdafiəçilərinin təxliyəsi ilə məşğul olan Rapid Unit.

Helsinki Vətəndaş Assambleyasının “Vanadzor” ofisi

1998-ci ildə yaradılmış bu təşkilat Ermənistanın əsas müstəqil hüquq müdafiə qurumlarından biridir. Rusiya tərəfinin sorğusu əsasında Ermənistan hakimiyyəti tərəfindən saxlanılan Rusiya vətəndaşlarına hüquqi yardım göstərir.

“İdite lesom” (“Meşəyə gedin”)

Layihə 2022-ci ilin sentyabrında “Noçlejka” təşkilatının keçmiş rəhbəri Qriqori Sverdlin tərəfindən yaradılıb.

Təşəbbüsün əsas məqsədi rusiyalılara səfərbərlikdən yayınmaq və ya hərbi xidmətdən imtina etmək məsələlərində kömək göstərməkdir.

Layihədə könüllülər, hüquqşünaslar və psixoloqlar çalışır. Onlar qeydiyyat ünvanından kənarda yaşamaq, xaricə çıxmaq, hərbi hissələrdən ayrılmaq və döyüş meydanında əsir düşmək kimi mürəkkəb vəziyyətlərdə insanlara dəstək göstərirlər.

Dörd il ərzində “İdite lesom”un xidmətlərindən 85 mindən çox insan yararlanıb. 2025-ci ildə Rusiya hakimiyyəti layihəni “xarici agent” elan edib.

Hərbi xidmətdən yayınmaq istəyən rusiyalılara kömək edən digər təşəbbüslər: “Vicdana çağırış” və “Şüurlu imtinaçılar hərəkatı”.

Avropa ölkələrində fəaliyyət göstərən təşkilatlar

İlya Yaşinin ictimai qəbulxanası

2025-ci ilin aprelində siyasətçi və keçmiş siyasi məhbus İlya Yaşin Avropada yaşayan rusiyalılara yardım göstərmək məqsədilə ictimai qəbulxananın yaradıldığını elan edib.

Yaşinin sözlərinə görə, layihənin fəaliyyəti onun Moskvada Krasnoselski rayonunun bələdiyyə deputatı olduğu dövrdəki qəbulxanasının iş prinsipinə əsaslanır.

Qəbulxana xaricdə yaşayan rusiyalılara qanunvericiliyi anlamaqda, dövlət qurumlarına müraciətlər hazırlamaqda və məhkəmə prosesləri üçün zəruri sənədləri, o cümlədən andlı ifadələri tərtib etməkdə kömək göstərməyi vəd edir.

Avropada miqrantlara hüquqi yardım göstərən digər layihə: Avropa bankları ilə münasibətlərdə müştərilərin hüquqlarının müdafiəsi üzrə ixtisaslaşan “İskra”.

“Rusiya Müharibəyə Qarşı Komitəsinin konsulları”

Rusiya Müharibəyə Qarşı Komitəsi 2022-ci ilin fevral ayının sonunda müxalifət siyasətçilərini, fəalları və jurnalistləri birləşdirmək məqsədilə yaradılıb. Təşkilat Rusiya hakimiyyəti tərəfindən “arzuolunmaz” və “terrorçu” elan edilib.

Komitə Ukraynaya humanitar yardım toplamaqla yanaşı, müharibəyə qarşı mövqe nümayiş etdirir və xaricdə yaşayan rusiyalıların problemləri ilə məşğul olur.

Onun təşəbbüslərindən biri olan “Rusiya Müharibəyə Qarşı Komitəsinin konsulları” xaricdə fövqəladə vəziyyətlə üzləşən rusiyalılara kömək göstərmək üçün yaradılıb. Xüsusilə deportasiya təhlükəsi, müvəqqəti və ya daimi yaşayış icazəsinin, eləcə də qaçqın statusunun verilməsindən imtina hallarında dəstək göstərilir.

Təşəbbüs Böyük Britaniya, Almaniya, Kipr, Latviya, Litva, Polşa, Finlandiya, Fransa, Monteneqro, İsveçrə, İsveç, Estoniya və ABŞ-da fəaliyyət göstərir.

“Horizonts Exilhilfe”

Almaniyada fəaliyyət göstərən bu hüquq müdafiə təşkilatı rusiyalı siyasətçi və Avropa Parlamentinin deputatı Sergey Laqodinskinin dəstəyi ilə yaradılıb.

“Horizonts Exilhilfe” rusiyalılara Almaniya, Fransa və digər Avropa İttifaqı ölkələrinə humanitar viza almaqda kömək göstərir. 2024-cü ilin ortalarına qədər təşkilatın dəstəyi ilə 600-dən çox şəxs Avropaya viza əldə edib.

Fövqəladə vəziyyətlərdə kömək göstərən digər qurumlar: Jurnalistlərə dəstək verən “Sərhədsiz Reportyorlar” (Rusiyada “arzuolunmaz” təşkilat elan edilib) və mədəniyyət xadimlərinə yardım edən “Artists at Risk”.

Böyük Britaniyanın Rusiya Demokratik İcması

Rusiyada “arzuolunmaz” elan edilmiş bu könüllü təşkilat Londonda bələdiyyə deputatı Kseniya Maksimova tərəfindən yaradılıb.

Təşkilat həm Ukraynaya və Rusiyadakı siyasi məhbuslara yardım göstərir, həm də Böyük Britaniyada yaşayan rusiyalıların problemləri ilə məşğul olur.

2025-ci ildə təşkilat sürgündə yaşayan rusiyalıların problemlərini də gündəmə gətirən “Rusiya və demokratiya” adlı partiyalararası parlament qrupunun yaradılmasına nail olub.

Həmin il Rusiya Demokratik İcması yeni ölkəyə uyğunlaşmaqda çətinlik çəkən şəxslər üçün emosional dəstək qrupunu da fəaliyyətə başlayıb.

ABŞ-da fəaliyyət göstərən təşkilatlar

Russian America for Democracy in Russia”

ABŞ-da yaşayan rusiyalı mühacirləri birləşdirən qeyri-kommersiya təşkilatıdır. Onun üzvləri Rusiyada demokratiyanın və Ukraynanın müharibədə qələbəsinin tərəfdarı olduqlarını bəyan edirlər.

Təşkilat Rusiya hakimiyyəti tərəfindən “arzuolunmaz” elan edilib, rəhbərlərindən ikisi isə “terrorçular və ekstremistlər” siyahısına daxil edilib.

Qurum Mayami, Sakramento, Nyu-York, Denver, Sietl, Çikaqo, San-Dieqo, Los-Anceles və Vaşinqton olmaqla doqquz şəhərdə fəaliyyət göstərən ünsiyyət qruplarına malikdir.

Təşkilat ABŞ-da miqrasiya qaydaları və siyasi sığınacaq almaq prosedurları ilə bağlı mütəmadi məsləhətlər verir.

ABŞ-ın miqrasiya qurumlarının sığınacaq əldə etmək imkanlarını məhdudlaşdırmasından sonra təşkilat miqrasiya təcridxanalarında saxlanılan rusiyalılarla da işləməyə başlayıb. Layihə bu şəxslər üçün vəkil axtarır, hüquqi yardım məqsədilə vəsait toplayır və onların yaxınları ilə əlaqə saxlamasına kömək edir.

“Ours in USA”

“Ours in USA” ABŞ-da yaşayan rusdilli LGBTQ icmasının nümayəndələrinin yaratdığı xeyriyyə təşkilatıdır.

Layihə ABŞ-da siyasi sığınacaq almağa çalışan rusiyalı queer qaçqınların hüquqlarının müdafiəsi ilə məşğul olur. Təşkilatın mütəxəssisləri sığınacaq üçün müraciət zamanı tələb olunan sənədlərin hazırlanmasına kömək göstərirlər.

Böhran vəziyyətlərində müraciət edən şəxslərə müvəqqəti yaşayış yeri də təqdim olunur. Bundan əlavə, təşkilat queer insanların hüquqlarının pozulması ilə bağlı BMT-yə hesabatlar göndərir.

“Russian Seattle for Freedom”

2023-cü ildə Sietldə yaradılmış qeyri-kommersiya təşkilatı özünü Rusiyada dövlət repressiyalarına qarşı birgə mübarizə aparan fəalların və ictimaiyyət nümayəndələrinin birliyi kimi təqdim edir.

Layihə iştirakçıları xaricdə yaşayan mühacirlərin gündəlik həyat və bürokratik prosedurlarla bağlı suallarını cavablandıran ünsiyyət qrupu idarə edirlər.

Bundan başqa, Russian Seattle for Freedom siyasi sığınacaq almaq istəyən şəxslərə hüquqi yardım göstərən vəkillərlə əməkdaşlıq edir.

Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*