
Fevralın 5-də Qırğızıstanın ilk prezidenti Əskər Akayevin oğlu Aydar Akayev Moskvada qəfil vəfat edib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, 44 yaşlı Aydar Akayev qəfil ürək tutmasından dünyasını dəyişib. Xəstəxanaya çatdırılsa da, həkimləri onu xilas edə bilməyib.
Xatırladaq ki, 24 mart 2005-ci ildə devrilmiş prezidentin dörd övladı var – Bermet, Aydar, Saadat və İlim.
Bermet və Aydar Akayevlər Jogorku Kenesh-ə namizəd olub və hakimiyyətdəki “Alqa Qırğızıstan” Partiyasından deputat mandatları alıblar. Bu, ölkədə geniş etirazlara səbəb olmuşdu. 24 mart 2005-ci ildə Ağ Evin tutulması ilə başa çatan mitinqlər nəticəsində Əskər Akayev devrilmişdi. O, ailəsi ilə birlikdə ölkədən qaçmışdı.
1998-ci ildə Aydar Akayev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ən kiçik qızı – 18 yaşlı Aliya Nazarbayeva ilə evlənib. 2001-ci ildə onlar boşanıb.
Aydar Akayevin ikinci həyat yoldaşı Çokubaevlər ailəsindən Saykalın qızı idi. Mərhumun iki övladı var.
Akayevlər ailəsi Moskvaya köçdükdən sonra Aydar biznesə məşğul idi.

