Ağcabədi rayonunda əhalinin 30 hektardan çox sahəsi susuzluqdan od tutub yanır.
KONKRET.az-a bununla bağlı məlumat verən Boyat kənd sakini Nurlan Rüstəmov bildirir ki, kənddə yerləşən artezian quyusunun batması nəticəsində təxminən 50-dən çox ailənin bağ-bağatı, heyvanatı suvarma suyuna həsrət qalıb. Şikayətçi deyir ki, quyu 30 hektar həyətyanı sahənin normasını ödəməli olduğu halda, hazırda heç 5-10 ailənin tələbatını ödəmir. N.Rüstəmov məsələ ilə bağlı dəfələrlə yerli strukturlara müraciət etsə də, quyunun bərpası istiqamətində heç bir əməli addım atılmadığını vurğulayır: “Bütün strukturlar problemimizdən xəbərdardır. Hətta bir-iki ay bundan öncə Ağcabədi RİH-in başçısı Rafil Hüseynovun əhali ilə görüşündə də məsələni bir daha diqqətə çatdırdım. Görüşdə Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi də iştirak edirdi. Orada hər ikisi dedi ki, dövlət tərəfindən artezian quyularının bərpası üçün vəsait ayrılmadığından heç bir iş görə bilməyəcəklər”. Şikayətçi onu da əlavə edir ki, əgər deyilən kimi, vəsait ayrılmayıbsa, bəs onda kənddə bir neçə yeni artezian quyusu hansı maliyyə hesabına qazılıb?
Biz də öz növbəmizdə bu və digər suallarla bağlı Boyat kənd icra nümayəndəsi Gülnarə Məmmədovaya müraciət etdik. Xanım Məmmədova bildirdi ki, sözügedən quyunun bərpası gələn il üçün nəzərdə tutulub: “Rayon Suvarma Sistemləri İdarəsində bütün kəndlər üzrə siyahı tərtib olunub. Və 2023-cü ildən etibarən həmin quyunun bərpa işləri ilkin mərhələdə həyata keçiriləcəkdir”.
Məsələ ilə bağlı rayon Suvarma Sistemləri İdarəsinin Boyat kənd üzrə sahə rəisi Ruslan Abdullayevin mövqeyinə gəlincə, o, quyunun qumdan təmizlənməli olduğunu və bunu üçün heç bir texnikaya malik olmadıqlarını dedi: “Həmin texnika Ağdam rayonundan gətirilməlidir ki, quyu tam təmizlənsin. Bununla bağlı isə baş idarəyə müraciət etmişik”.
Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəis müavini Kənan Köçəriyev isə dedi ki, sözügedən quyu tamamilə quruyub və bərpa olunmasına ehtiyac yaranıb: “O da bu il üçün deyil, gələn ilin tədbirlər planında təsdiqlənib və bərpa olunması nəzərdə tutulur”.
Beləliklə, göründüyü kimi, məsələ aidiyyəti qurumların diqqətindədir. Və şübhə etmirik ki, problem söz verildiyi kimi, yaxın aylarda öz müsbət həllini tapacaq.
Sevinc Paşayeva,
KONKRET.az
