Səmərqənddə özbək və türk işçiləri arasında kütləvi dava olub – VİDEObackend

Səmərqənddə özbək və türk işçiləri arasında kütləvi dava olub - VİDEO

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, dünən Səmərqənd şəhərindəki Qarasu massivində “Agromir Buildings” şirkətinə məxsus tikinti sahəsində kütləvi dava baş verib.

Videoda yüzlərlə qəzəbli insanın əlindən qaçaraq inşa edilən hündürmərtəbəli binaların birinin girişində gizlənən bir qrup insan görünür. Hadisə şahidlərindən biri bildirib ki, videoda türk işçilərinin Özbəkistan vətəndaşları tərəfindən kütləvi şəkildə döyülməsi əks olunub.

“Agromir Buildings”-ə məxsus tikinti sahəsindəki kütləvi dava ilə bağlı məlumatı özünü bu şirkətin əməkdaşı kimi təqdim edən bir işçi bildirib: “Gec işə gəldim və gördüm ki, Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın əməkdaşları bütün obyekti mühasirəyə alıblar. Ora heç kimi buraxmırdılar, ona görə də bu gün heç kim işləmədi. Sonra obyektdə kütləvi dava olduğunu, yerli işçilərin Türkiyədən gələn işçiləri döydüyünü bildim. Ola bilər ki, zərərçəkən yoxdur, amma ciddi şəkildə yaralananlar var”.

Qonşu binanın üst mərtəbəsindən baş verənləri lentə alan inşaatçılardan biri, aşağıda baş verənləri şərh edərək, tacik dilində “türklərin sonu çatdı” deyir.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Deyilənlərə görə, obyektdə 1500 nəfər çalışırmış. Tikinti meydançasında çalışan fəhlələrdən biri kütləvi davanın səbəbləri barədə iki fərziyyə irəli sürüb: “İlk fərziyyəyə görə, guya türk işçilərdən biri yeməkxanada işləyən yerli qadına təcavüz edib, bundan sonra kütləvi dava başlayıb. İkinci versiyaya görə, yerli işçilər xarici işçilərin eyni iş üçün daha çox maaş aldıqlarına görə davaya başlayıblar. Məncə, ikinci fərziyyə həqiqətə daha yaxındır. “Agromir Buildings”-in rəhbərləri türk işçilərinə 1000 dollar, yerli işçilərə 100 dollar ödəyirlər. Düşünürəm ki, işçilər arasındakı kütləvi dava məhz şirkət rəhbərliyi tərəfindən belə ədalətsiz yanaşma səbəbi ilə baş verib”.

Mənbələr hadisədən bir neçə saat sonra Türkiyənin Özbəkistandakı səfirinin “nazirlərdən birinin müşayiəti ilə” Səmərqəndə gəldiyini söyləyiblər…

Bir cavab yazın