Ermənistanda Rusiya əleyhinə səslənən bəyanatlar Şimal qonşumuzun siyasi dairələrində təhlil edilir və əməlli-başlı qıcıq yaradır. Üstəlik, Ermənistan baş nazirinin Rusiyanı hədəfə alması və rusları ermənilərə kömək etməməkdə suçlaması da Kremlin xoşuna gəlmir.
Avropa Parlamentində yaranan imkandan istifadə edən Paşinyanın yadına yenə Rusiya mövzusu düşüb və avropalılara müttəfiqindən əməlli-başlı giley edib. Məqsəd aydındır və Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışan Ermənistan rəhbərliyi özünə yeni müttəfiq axtarır. Rusiyada da bunu anlayır və Ermənistana diplomatik kanallarla mesajlar verirlər.
“Sputnik Ermənistan” radiosunun qonağı olan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin bu ölkədə yeni vüsət alan anti-Rusiya ritorikasından danışıb. Səfirin sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri ilə bağlı mübahisəli bəyanatların müəllifləri aydın izahat verməlidirlər. Diplomat bildirib ki, bu mövzu həqiqətən də ölkələr və xalqlar üçün çox vacibdir. Ona görə də buna aydınlıq gətirilməlidir: “Rusiya üçün Cənubi Qafqaz böyük evin bir hissəsidir. Bizim üçün bura həyati əhəmiyyət kəsb edən regiondur. Aydındır ki, Rusiyanın öz maraqları var və onları daim qoruyub-saxlayacaq. Bununla belə, Rusiya regionda sakitlik olmasında maraqlıdır”, – deyə Sergey Kopirkin qeyd edib.
Vəli Həsənov,
KONKRET.az
