Siqaret biznesi adı ilə yarım milyon manatlıq dələduzluq edən şəxsin cəzası azaldıldıbackend

Siqaret biznesi adı ilə yarım milyon manatlıq dələduzluq edən şəxsin cəzası azaldıldı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Kamal İslamovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ona aid hissədə dəyişdirilib, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 7 ilə endirilib.

İttihama görə, Kamal İslamovun dostu, onunla birgə dələduzluqda təqsirləndirilən İbrahim Balayev (adı, soyadı şərtidir) 2020-ci ilin yanvar ayında Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında tanışı zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) ilə görüşərək, ona topdansatış qiymətinə müxtəlif markalı siqaretlərin alqı-satqısı ilə yüksək qazanc əldə etmək imkanının olduğunu bildirib. O, əldə ediləcək gəlirdən zərərçəkmiş şəxsə pay verəcəyini vəd edərək onun etibarını qazanıb və nəticədə 8 000 manat pulunu ələ keçirib. Lakin vədinə əməl etməyərək həmin məbləği mənimsəyib və S.S.-ə xeyli miqdarda ziyan vurub.

İş materiallarına əsasən, İbrahim Balayev bundan sonra oxşar üsullarla digər şəxslərə qarşı da təkrar dələduzluq əməlləri törədib. Belə ki, o, zərərçəkmiş D.D.-yə (adı, soyadı şərtidir) Abşeron rayonu, Masazır kəndində yerləşən “Məzunlar evi” yaşayış kompleksində mənzil almaqda köməklik göstərəcəyini vəd edərək 2021-ci ildə Xırdalan şəhərində yerləşən “Köhnə bazar” ərazisində keçirilən görüş zamanı 6 500 manat pulunu ələ keçirib.

Araşdırma zamanı həmçinin məlum olub ki, İbrahim Balayev müxtəlif şəxsləri siqaret biznesi adı altında aldadaraq onların külli və xeyli miqdarda vəsaitlərini mənimsəyib. O, zərərçəkmiş F.F.-dən (adı, soyadı şərtidir) 2021-ci ilin aprel ayında Bakı şəhəri Dərnəgül qəsəbəsində yerləşən kafedə 18 000 manat, zərərçəkmiş R.R.-dən (adı, soyadı şərtidir) isə ümumilikdə 9 800 manat pul alaraq geri qaytarmayıb.

Bundan başqa, İbrahim Balayev cinayət əməllərini təkbaşına deyil, dostu Kamal İslamovla qabaqcadan əlbir olaraq davam etdirib. Onlar birlikdə zərərçəkmiş Q.Q.-nin (adı, soyadı şərtidir) siqaret alverindən yüksək qazanc əldə ediləcəyi vədi ilə aldadaraq Abşeron rayonu, Xırdalan şəhərində 30 000 manat pulunu ələ keçiriblər. Eyni üsulla zərərçəkmiş C.C.-dən (adı, soyadı şərtidir) də 3 550 manat, zərərçəkmiş Y.Y.-dən (adı, soyadı şərtidir) isə ümumilikdə 40 000 manat vəsait mənimsənilib.

Məhkəmə istintaqı ilə müəyyən edilib ki, təqsirləndirilən şəxslər daha sonra zərərçəkmiş T.T.-nin (adı, soyadı şərtidir) Xırdalan şəhərində yerləşən mənzilini sataraq əldə etdiyi vəsaitdən xəbər tutaraq onu da aldadıblar. Onlar siqaret biznesi adı altında yüksək gəlir vəd edərək ümumilikdə 147 000 manat məbləğində pulunu ələ keçiriblər.

Eyni zamanda, Kamal və İbrahim zərərçəkmiş İ.İ.-nin (adı, soyadı şərtidir) etibarını qazanmaq üçün əvvəlcə onun mağazasından nisyə siqaretlər alaraq borclarını vaxtında qaytarıblar. Daha sonra isə bu etibardan sui-istifadə edərək 88 989,60 manat dəyərində siqaret götürüb sataraq əldə etdikləri 91 400 manatı şəxsi ehtiyaclarına sərf ediblər və vədlərinə əməl etməyiblər.

Araşdırmalarla o da müəyyən olunub ki, təqsirləndirilən şəxslər zərərçəkmiş H.H.- (adı, soyadı şərtidir) də aldadaraq ona məxsus qaldırıcı kran avtomobilinin satışından əldə etdiyi vəsaiti mənimsəyiblər. Onlar siqaret biznesi adı ilə yüksək gəlir vəd edərək ümumilikdə 102 000 manat pulunu ələ keçiriblər.

Bundan əlavə, Kamalla İbrahim zərərçəkmiş M.M.-in (adı, soyadı şərtidir) avtomobil icarəsi sahəsində ortaq biznes qurmaq adı ilə aldadaraq Abşeron rayonu, Masazır kəndində keçirilən görüş zamanı 41 000 manat pulunu ələ keçiriblər.

Beləliklə, məhkəmə tərəfindən müəyyən edilib ki, Kamal və onunla əlbir olan İbrahim müxtəlif vaxtlarda və müxtəlif şəxslərə qarşı vahid niyyətlə etibardan sui-istifadə və aldatma yolu ilə külli və xeyli miqdarda – 443 289 manat pul vəsaitləri ələ keçirərək çoxsaylı dələduzluq cinayətləri törədiblər.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onların şikayətləti təmin edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*