Sırskinin Federovla bağlı dediyi sözlər Ukraynanı qarışdırdı – Nə baş verir?backend

Sırskinin Federovla bağlı dediyi sözlər Ukraynanı qarışdırdı - Nə baş verir?

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski istefaya göndərilə biləcəyi ilə bağlı yayılan iddialar fonunda müəllifi olduğu “Mənim işim müharibədir” adlı məqalə çap edib.

KONKRET.az xəbər verir ki, məqalə “Militarnyi” nəşrində dərc olunub.

Sırski yazısında keçmiş müdafiə naziri Mixaylo Fedorovla aralarında yaşandığı deyilən fikir ayrılığına da münasibət bildirib.

O, qeyd edib ki, aralarında ciddi münaqişənin olması barədə məlumatı eşidəndə təəccüblənib.

“Bizim münasibətlərimizi həmişə işgüzar hesab etmişəm. Çətin məsələlər və fərqli mövqelər olub. Böyük müharibə şəraitində iki dövlət qurumu arasında bunun olması normaldır”, – deyə Baş Komandan vurğulayıb.

Sırski son günlər ünvanına səsləndirilən tənqidlərə də cavab verib. O, özünü “müharibə strategiyasının olmaması”nda ittiham edənlərə belə cavab verib:

“Müharibənin strategiyası ictimai sənəd və ya sosial şəbəkə paylaşımı deyil. O, Ali Baş Komandana təqdim olunur. Onun nəticələri isə artıq dördüncü ildir say baxımından üstün olan düşmənin qarşısını alan milyonluq ordunun fəaliyyətində görünür”.

Baş Komandan yalnız özünə sadiq şəxsləri vəzifəyə gətirməsi ilə bağlı ittihamları da rədd edib. O, bildirib ki, etdiyi bir sıra təyinatlar sistem daxilində populyar olmasa da, qərarlarını yalnız nəticəyə əsasən verib.

Sırski səfərbərlik sistemi və Ərazi Komplektləşdirmə və Sosial Dəstək Mərkəzləri (TCK) ilə bağlı islahatlara da toxunub. O, etiraf edib ki, bu sahə onun məsuliyyət dairəsinə daxildir. Bununla yanaşı vurğulayıb ki, islahatın həyata keçirilməsi Müdafiə Nazirliyinin qanunvericilik və inzibati fəaliyyətinə aiddir.

Qeyd edək ki, son günlər Ukrayna Prezidenti Volodimir Zelenski Aleksandr Sırskinin yaxın vaxtlarda vəzifəsindən azad ediləcəyi barədə yayılan iddialar fonunda bir sıra yüksək rütbəli hərbçilərlə görüşlər keçirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*