“İkinci Qarabağ müharibəsi nəticəsində imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatın 4-cü bəndində Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması, 9-cu bəndində isə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulurdu. Lakin bu məsələlər uzun müddət öz həllini tapmadı”.
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:

“Müharibədən sonrakı dövrdə Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələrinin təxribatları, yeni mövqelərin yaradılması və möhkəmləndirilməsi, Azərbaycan hərbçilərinə qarşı silahlı insidentlər və mina təhlükəsi regionda sabitliyin tam təmin olunmasına mane olurdu. Bu birləşmələrin maliyyə və təchizat baxımından Ermənistandan dəstək alması vəziyyəti daha da mürəkkəbləşdirirdi.
Nəticədə müharibədən sonra formalaşmış atəşkəs rejimi davamlı təhlükəsizlik təmin edə bilmədi və Qarabağ ətrafında yeni hərbi-siyasi gərginlik yarandı. Azərbaycan bu proseslərin nəticəsi olaraq 2023-cü ilin sentyabrında antiterror tədbirləri həyata keçirdi. Təxminən bir gün davam edən əməliyyatlardan sonra Qarabağdakı erməni silahlı birləşmələri təslim oldular. Bununla ölkə ərazisində separatçı silahlı strukturların fəaliyyəti ləğv edildi və Azərbaycanın suverenliyi bütün ərazi üzərində bərpa edildi”.
Siyasi şərhçi vurğulayır ki, 2023-cü ildən sonra regionda yeni reallıqlar formalaşmağa başladı.
“Qarabağda təhlükəsizlik şəraitinin dəyişməsi ilə bərpa və quruculuq layihələri sürətləndi, əhalinin azad olunan digər ərazilərə də qayıdışına şərait yarandı. Xankəndi, Xocalı və digər ərazilərdə infrastrukturun yenilənməsi və yaşayış məntəqələrinin bərpası istiqamətində işlər genişləndirildi. Qarabağ Universitetinin fəaliyyətə başlaması da regionda yeni sosial və iqtisadi mərhələnin formalaşmasının göstəricilərindən biri oldu.
Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdikdən sonra isə diqqət əsasən ərazilərin bərpasına, keçmiş məcburi köçkünlərin qayıdışına və regionda yeni siyasi və iqtisadi reallıqların formalaşdırılmasına yönəldi”.
Aynurə İsmayıl
