Qərb rəsmiləri Rusiyanın gələn ilin əvvəlində Ukraynaya QARŞI daha bir iri hücuma başlayacağı haqda fikirlər səsləndirirlər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, yeni hücumun məqsədlərindən biri də strateji liman şəhəri Odessa olacaq. Bu, Moskvaya cənub-qərb sahillərini tutmağa və Ukraynanın dənizdən əlaqəsini kəsməyə imkan verəcək.
Odessa Ukraynanın taxıl ixracı üçün əsas tranzit qovşağıdır. Bu şəhər dünya qarğıdalısının altıdabirini və buğdanın səkkizdəbirini verir. Əgər Rusiya qoşunları limana nəzarəti ələ keçirsələr, bu, Ukraynanın müharibə səylərinə sarsıdıcı zərbə vuracaq və Moskva hərbi əməliyyatlar başlayandan bəri azalan mühüm ərzaq ehtiyatları üzərində hakimə çevriləcək.
“Güman edirik ki, gələn il onlar Rusiyanın çox ciddi hücumu ilə üzləşə bilərlər. Biz əlimizdən gələni etməliyik ki, onlara nəinki texnika, həm də canlı qüvvə baxımından kömək edək” – məlumatda deyilir.
ABŞ və Aİ rəsmiləri hesab edirlər ki, Kreml Odessanı ən böyük strateji hədəf kimi nəzərdə tutub. Lakin Odessa sakinləri ümid edirlər ki, Qərbin yeni silah tədarükü şəhəri nəzarətdə saxlamağa kömək edəcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Kremlin Ukraynadakı hərbi məqsədləri təkcə şərq regionlarına yönəlməyib. Bu, Rusiyanın yenidən hücumlarını genişləndirə biləcəyinə işarədir.
Rusiya XİN rəhbəri onu da vurğulayıb ki, əgər Qərb Kiyevi uzaqmənzilli silahlarla təmin etsə, o zaman Ukraynadakı xüsusi əməliyyatın coğrafiyası daha da genişlənəcək.
Müşviq Tofiqoğlu,
KONKRET.az
