“Azərbaycan Gorus-Qafan yolunda gömrük məntəqəsi qurur. Buna qədər İran maşınlarının yoxlanışı həyata keçirilirdi, amma qaydalar Ermənistan nömrəli avtomobillərə tətbiq olunmurdu. İndi isə qaydalar Ermənistan nömrəli avtomobillərə də şamil ediləcək”.
KONKRET.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı fikir səsləndirib: “Paşinyan bildirmişdi ki, yoldan erməni maşınlarının istifadəsi ilə bağlı razılaşma var. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ermənilərə Azərbaycanın gömrük məntəqəsi qurduğu haqda xəbərdarlıq edib və onları alternativ yoldan, yəni Gorus-Tatev yolundan istifadə etməyə çağırıb. Görünür, Azərbaycan Ermənistana alternativ yol çəkilənə qədər bu yoldan maneəsiz istifadəyə icazə verib. İndi Ermənistan alternativ yolun hazır olduğunu deyir və Azərbaycan suveren ərazisindən keçən yoldan istifadəyə görə erməni maşınlarından da dövlət rüsumu alacaq. Ermənistanın alternativ yolunun əlverişsiz olduğuna, xüsusilə yük maşınları üçün çətinlik yaratdığına dair məlumatlar var. Ağır tonnajlı maşınlar yenə Azərbaycan ərazisindən keçməyə məcbur qala bilər” – deyə Asif Nərimanlı fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az
