Azərbaycanda analıq məzuniyyətindən sonra qadınların əmək bazarına qayıtmasını asanlaşdıracaq yeni mexanizmlər müzakirə olunur. Təkliflər arasında uşağı müəyyən yaşa çatana qədər analar üçün çevik və ya hibrid iş rejiminin tətbiqi, iş saatlarının qısaldılması və daha erkən işdən çıxmaq imkanının yaradılması da yer alır.
Mütəxəssislər hesab edirlər ki, belə yanaşma həm qadınların məşğulluğunu qorumağa, həm də ölkədə doğum səviyyəsinin artırılmasına töhfə verə bilər.
KONKRET.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov “modern.az”a bildirib ki, son illər Azərbaycanda əmək hüquqlarının genişləndirilməsi istiqamətində mühüm dəyişikliklər həyata keçirilib və atalıq məzuniyyətinin qanunvericiliyə daxil edilməsi də beynəlxalq təcrübənin tətbiqinin nümunəsidir. Marqarita pizza
Deputatın sözlərinə görə, təbii artımın stimullaşdırılması üçün fərqli mexanizmlərin tətbiqi mümkündür:
“Bəlli bir yaşa qədər övladı olan anaların iş rejiminin çevik və ya hibrid formada təşkili hazırda müzakirə olunan məsələlərdəndir. Məşğulluq strategiyasında da çevik iş modelinin tətbiqi nəzərdə tutulur. Düşünürəm ki, bu modelin tətbiq olunduğu vətəndaşlar sırasında məhz azyaşlı övladı olan analar da yer ala bilər”.
V.Bayramov hesab edir ki, anaların iş vaxtının bir hissəsini ofisdə, digər hissəsini isə məsafədən yerinə yetirməsi həm ailə həyatını, həm də əmək fəaliyyətini uzlaşdırmağa imkan verər.
“Bu halda analar bəlli saatlarda ofisdə, digər saatlarda isə evdən işləyə bilərlər. Bu, həm uşağın tərbiyəsi üçün əlavə imkan yaradar, həm də işəgötürən üçün əlavə maliyyə yükü formalaşdırmaz. Hibrid iş modeli iqtisadi baxımdan da daha məqsədəuyğundur”.
Deputatın fikrincə, bu yanaşma həm qadınların əmək bazarında qalmasına, həm də ölkədə təbii artımın dəstəklənməsinə xidmət edə bilər.
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə hesab edir ki, Azərbaycanda demoqrafik vəziyyət yeni təşviq mexanizmlərinin tətbiqini zəruri edir.
Onun sözlərinə görə, doğum göstəricilərinin ildən-ilə azalması analıq məzuniyyəti və işləyən analarla bağlı siyasətin yenidən nəzərdən keçirilməsini tələb edir.
“Bizdə demoqrafik vəziyyət yaxşı deyil. Doğuş sayı hər il azalır. Ona görə də həm analıq məzuniyyətinin müddəti, həm də bu dövrdə maaşın tam ödənilməsi ilə bağlı dəyişikliklərə ehtiyac var”.
İqtisadçı bildirib ki, dövlət və özəl sektor arasında fərqli yanaşmalar mövcuddur.
“Dövlət sektorunda çalışan qadınların vəziyyəti daha rahatdır. Çünki onların ödənişlərini dövlət həyata keçirir. Özəl sektorda isə uzunmüddətli və tam ödənişli analıq məzuniyyəti işəgötürən üçün ciddi maliyyə yükü yarada bilər”.
N.Cəfərlinin fikrincə, bu səbəbdən dövlət özəl sektora dəstək mexanizmləri formalaşdırmalıdır.
“Əgər özəl sektorda çalışan analar üçün əlavə güzəştlər tətbiq ediləcəksə, dövlət vergi güzəştləri və ya maliyyə dəstəyi proqramları təqdim etməlidir. Əks halda bəzi işəgötürənlər qadın işçiləri işdən uzaqlaşdırmağa üstünlük verə bilərlər”.
İqtisadçı hesab edir ki, qanunvericilikdə ediləcək dəyişikliklər həm doğum göstəricilərinin yüksəlməsinə, həm də işəgötürənlərin maraqlarının qorunmasına xidmət etməlidir.
