SON DƏQİQƏ: “Sülhməramlıların nəzarətində olan bölgələrdə təxribatlar baş verəcək” – Tofiq Zülfüqarovbackend

SON DƏQİQƏ: “Sülhməramlıların nəzarətində olan bölgələrdə təxribatlar baş verəcək” – Tofiq Zülfüqarov

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə bir araya gələrək üçtərəflə görüş keçirdi. Bu görüş Əliyevlə Putinin səmimi salamlaşmasından tutmuş, Kreml rəhbərinin Paşinyanı öz çətiri altına salmasına qədər bir çox maraqlı məqamlarla yadda qaldı. Soçi görüşü həm də yekun Bəyanatın imzalanması ilə diqqət çəkdi. O Bəyanat ki, Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşmasını, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin olunmasını özündə ehtiva edir. Maraqlıdır görəsən Soçi görüşündən gözləntilər özünü tam doğrulda bildimi? Ümumiyyətlə imzalanan Bəyanatı siyasi ekspertlər necə dəyərləndirirlər?

Mövzunu KONKRET.az-a Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov şərh edib.

Sabiq diplomat bildirib ki, imzalanan Bəyanatda Azərbaycanın prinsipləri bu və ya digər şəkildə öz əksini tapıb:

“Görüşdən əvvəl Prezident Qarabağın Azərbaycanın daxili məsələsi olduğunu bəyan etdi. Ermənistanla münasibətlərə gəlincə isə burada fikir fərqliliyi mövcuddur. Rəsmi İrəvan əslində bundan öncəki görüşlərdə də sülhniyyətli olduğunu göstərməyə çalışırdı. Guya qarşılıqlı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirdi. Ancaq Bəyanat nə qədər önəmli olsa da, onun praktiki icrası çox vacibdir. Biz Praqa görüşündən bir həftə öncə Paşinyanın gələn ilin maliyyə büdcəsini təsdiq etdiyini gördük. Orada müdafiə xərclərinin 47 faiz artımı nəzərdə tutulurdu. Eyni zamanda qondarma qurumların maliyyələşməsinə təxminən 340 milyon dollar ayrılması planlaşdırılırdı. Bu isə Azərbaycanın daxili məsələsi olan Qarabağa qarşı birbaşa işğalçı siyasətin davamı kimi dəyərləndirilməlidir. Sözdə sülhdən danışmaq, əslində isə işğalçılıq siyasətini davam etdirmək Ermənistanın xislətidir. Bu, birinci və axırıncı görüş deyil. Bundan sonra da müxtəlif görüşlərin keçirilməsinin şahidi olacağıq. Amma ilkin mərhələdə hiss olunur ki. tərəflər və onların mövqeləri ciddi şəkildə fərqlənir”.

Tofiq Zülfüqarovun sözlərinə görə, Soçi görüşündən gözləntilər daha çox propaqanda şəklində göstərilirdi. Bu, Rusiyanın Ermənistanın yanında olması ilə bağlı rəsmi İrəvanı əmin etmək istəyi ilə bağlı idi:

“Çünki KTMT-nin cavabı Ermənistanda narazılıq doğurub və İrəvanda Rusiya ilə əməkdaşlığı azaltmaq və Qərbə meyl etmək kimi fikirlər səsləndirilir. Bunun qarşısını almaq üçün Putinin Valdaydakı çıxışını izlədik. Soçi görüşü isə ilk növbədə Ermənistana tərəf yönəlik bir təbliğat idi. Eyni zamanda Azərbaycan tərəfi heç bir təzyiqə boyun əyməyəcəyini nümayiş etdirdi. Yekun sənəd bunu bir daha təsdiqlədi”.

Politoloq Rusiyanın Ermənistanla sərhəd ərazilərə KTMT qüvvələrinin yerləşdirilməsi ilə bağlı səsləndirilən qeyri-rəsmi fikirlərə də münasibət bildirib:

“Sərhədlə bağlı məsələ hələlik açıq olaraq qalır. Sənədlərə fikir versək orada hansısa prinsiplərə əsaslanan fikirlər səsləndirildiyini görə bilərik. O cümlədən BMT nizamnaməsinə və Almatı deklarasiyasına aid fikirlər var. Amma bunların heç birini təsdiq edən bəyanata rast gəlinmir. Çox güman ki, Sovet dövründə olan xəritələr əsas götürüləcək. Lakin hansı ilin xəritələrinin əsas götürüləcəyi bəlli deyil. Bu baxımdan sərhəd məsələsi açıq olaraq qalır. Ermənistanın konkret siyasəti isə boş sözlərlə əsl niyyətini gizlətməkdən ibarətdir. Bu gizli niyyət isə işğalçılıq siyasətini davam etdirməkdir. Əminəm ki, sülhməramlıların nəzarəti altında olan bölgələrdə təxribatlar baş verəcək və biz bunu gözləməliyik. Lakin bu, müharibə deyil. Çünki söhbət Azərbaycan ərazilərindən gedir. Kiçik toqquşmalar isə oradakı erməni terrorçularını təmizləməkdən ötrü baş verə bilər. Ermənistana dəstək isə həm Qərb, həm də Rusiya tərəfindən olacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*