Meksikada məşhur sosial media fenomeni canlı yayım zamanı silahlı hücuma məruz qalaraq həyatını itirib.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, TikTok-da təxminən 600 min izləyicisi olan, komediya videoları ilə tanınan Sezar Qastelum (Cesar Gastelum) Sinaloa ştatının Kuliyakan şəhərində yerləşən fast-food restoranının qarşısında iki dostu ilə birlikdə canlı yayım edərkən hücuma məruz qalıb.
Məlumata görə, hər üç şəxs yemək çatdırılması xidməti əməkdaşlarının geyindiyi narıncı gödəkçə və bel çantaları ilə görüntülənib. Bu zaman motosikletlə hadisə yerinə gələn iki nəfərdən biri silahını çıxararaq Qasteluma yaxın məsafədən atəş açıb.
Sinaloa ştatının təhlükəsizlik rəsmisi fenomenin öldüyünü təsdiqləyib və hadisə ilə bağlı genişmiqyaslı əməliyyata başlanıldığını açıqlayıb.
Bildirilib ki, bu qətl Sinaloa kartelinin qruplaşmaları arasında nəzarət uğrunda davam edən qanlı qarşıdurmalar fonunda baş verən son hadisələrdən biridir.
Meksika Təhlükəsizlik Kabineti X sosial şəbəkəsində yaydığı açıqlamada Qastelumun cinayətkar qruplaşmalarla əlaqələndirilən bəzi paylaşımlarının araşdırıldığını bildirib. Qeyd olunub ki, hadisənin bütün təfərrüatları, o cümlədən müşahidə kameralarının görüntüləri və digər sübutlar təhlil edilir.
Meksika Prezidenti Klaudiya Şeynbaum (Claudia Sheinbaum) da hüquq-mühafizə orqanlarının cinayəti araşdırdığını və qatilin, eləcə də mümkün sifarişçilərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün iş aparıldığını deyib.
Yerli KİV-in məlumatına əsasən, Sinaloa kartelinin iki qanadı arasında 2024-cü ilin sentyabrından bəri davam edən silahlı toqquşmalar nəticəsində təkcə Kuliyakan şəhərində azı 12 sosial media kontent istehsalçısı öldürülüb.
