Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxs Kamran Tağıyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2025-ci ilin yanvar ayının 15-də Xaçmaz rayonunun Xudat şəhərində baş verib.
Belə ki, Kamran Tağıyev orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində axşam saatlarında şəhər parkında tanışı, zərərçəkmiş olan və hüquq-mühafizə orqanlarından birində çalışan zərərçəkmiş İ.İ. (adı, soyadı şərtidir) ilə qarşılaşıb. O, zərərçəkmişə peşə fəaliyyəti ilə bağlı nalayiq ifadələr işlədib və tərəflər arasında mübahisə yaranıb.
Ətrafdakı şəxslər vaxtında müdaxilə edərək mübahisənin böyüməsinin qarşısını alsalar da, təqsirləndirilən şəxs bununla kifayətlənməyib. O, evinə gedərək mətbəx bıçağını götürüb yenidən İ.İ.-ni axtarmağa çıxıb.
İş materiallarına görə, həmin gün saat 23 radələrində Xudat şəhərinin S.Stallı küçəsində Kamran zərərçəkmişi taparaq bıçaqla ona iki zərbə endirib. Zərbələrdən biri zərərçəkmişin kürək nahiyəsinə, digəri isə sağ əlinə dəyib.
Məhkəmədə ifadə verən Kamran Tağıyev özünü yalnız qismən təqsirli hesab edib. O deyib ki, hadisə günü parkda tanışları ilə rastlaşıb və bir qədər spirtli içki qəbul etdiyindən baş verənlərin hamısını dəqiq xatırlamır.
Onun sözlərinə görə, parkda İ.İ. ilə aralarında mübahisə yaranıb, bu zaman şahidlər onları ayırıblar. Təqsirləndirilən şəxs iddia edib ki, ayrıldıqları vaxt zərərçəkmiş onu söyüb və hadisə yerindən uzaqlaşıb.
O deyib ki, sonradan evə qayıdaraq sakitləşsə də, naməlum səbəbdən bıçaq götürərək yenidən zərərçəkmişin yanına gedib. Kamranın ifadəsinə görə, məqsədi ondan üzr istəməsini tələb etmək olub. O, əvvəlcə İ.İ.-yə zəng etsə də, cavab ala bilməyib, daha sonra onu küçədə görərək söhbət etmək istəyib.
İfadəsində o qeyd edib ki, zərərçəkmiş yenidən onun üzərinə gəldiyi üçün əlindəki bıçağı atıb və bıçaq diyirlənərək İ.İ.-yə dəyib. Bundan sonra zərərçəkmiş hadisə yerindən uzaqlaşıb.
Kamran bildirib ki, sonradan hadisə yerindən ayrılaraq parkda olan şahidlərlə əlaqə saxlayıb və zərərçəkmişin xəstəxanaya aparıldığını öyrənib. O, özü də xəstəxanaya getmək istədiyini, lakin yolda Post-Patrul Xidməti əməkdaşları tərəfindən saxlanıldığını deyib.
Kamranın sözlərinə görə, polis əməkdaşlarına zərərçəkmişi bıçaqladığını özü etiraf edib və xəstəxanaya gedərək vəziyyəti öyrənmək istədiyini bildirib.
