Kartdan-karta ödənişlərdə limit kimlərə tətbiq olunmayacaq?backend

Kartdan-karta ödənişlərdə limit kimlərə tətbiq olunmayacaq?

“Kartdan-karta köçürmələrə limitlərin tətbiqi ilə yanaşı, vətəndaşların gündəlik maliyyə əməliyyatlarına mənfi təsirin minimuma endirilməsi üçün bir sıra istisnalar da nəzərdə tutulub”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, müəyyən edilmiş aylıq limit kifayət qədər yüksəkdir və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan vətəndaşlar bu limit çərçivəsində kartdan-karta köçürmələri rahatlıqla həyata keçirə biləcəklər.

“Digər tərəfdən, yaxın qohumlar və ya risk qrupuna daxil olmayan vətəndaşlar arasında kartdan-karta köçürmələrlə bağlı hər hansı məhdudiyyətin tətbiqi nəzərdə tutulmayıb”.

Deputat qeyd edib ki, yeni mexanizmin əsas məqsədi şəffaflığın artırılması, kartlardan vəsaitlərin oğurlanması hallarının minimuma endirilməsi və vergidən yayınmanın qarşısının alınmasıdır:

“Bir sıra hallarda, baxmayaraq ki, bu qanunla qadağan edilib, bəzi sahibkarlar mal və ya xidmət satarkən ödənişləri kartdan-karta köçürmə yolu ilə qəbul edirdilər. Nəticədə həmin ödənişlər vergidən yayınır, vergiyə cəlb olunmurdu”.

V.Bayramovun fikrincə, tətbiq olunan limitlər ilk növbədə kartdan-karta köçürmələr vasitəsilə mal və xidmət satan sahibkarlara təsir göstərəcək:

“Güman olunur ki, bu dəyişiklik xüsusilə kartdan-karta ödənişlərdən istifadə etməklə mal və xidmətlərini satan sahibkarların fəaliyyətinə təsir edəcək. Çünki onların bir sıra hallarda kartdan-karta ödəniş qəbul etdiyini nəzərə alsaq, tətbiq olunan limitlər həmin ödənişlərə təsir göstərə bilər. Bütün hallarda sahibkarların kartdan-karta ödəniş qəbul etməsi qanunvericiliyə ziddir. Çünki bu, vergidən yayınmaya səbəb olur. Ödənişlər mövcud qaydalara uyğun olaraq kassa vasitəsilə həyata keçirilməlidir”.

Deputat həmçinin vurğulayıb ki, vətəndaşların böyük əksəriyyəti əvvəlki qaydada kartdan-karta köçürmələrdən istifadə edə biləcək:

“Gündəlik 5 əməliyyat limiti aylıq 150 əməliyyat deməkdir. Bununla yanaşı, yaxın qohumlar arasında köçürmələrə limit tətbiq edilmir. Eyni zamanda, əməliyyatlar risk qrupuna daxil olmayan şəxslər arasında aparılırsa, bu halda da hər hansı məhdudiyyət yoxdur. Bu istisnalar limitlərin təsirini ciddi şəkildə azaldır”.

V.Bayramov onu da əlavə edib ki, kartdan-karta köçürmələrin böyük hissəsi məhz yaxın qohumlar və risk qrupuna daxil olmayan şəxslər arasında həyata keçirildiyindən, yeni qaydalar vətəndaşların gündəlik maliyyə əməliyyatlarına ciddi təsir göstərməyəcək:

“Güzəştlər və istisnalar imkan verəcək ki, vətəndaşlarımızın əksəriyyəti yeni mexanizm çərçivəsində də əvvəlki qaydada kartdan-karta ödənişlərini həyata keçirə bilsinlər”.

Məlumat üçün qeyd edək ki, avqustun 1-dən etibarən Azərbaycanda kartdan-karta köçürmələrə gündəlik əməliyyat limiti tətbiq olunub. Belə ki, yeni qaydalara əsasən, bir kartdan gün ərzində maksimum 5 köçürmə əməliyyatının həyata keçirilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*