Azərbaycanda qadınların pensiya yaşının azaldılması məsələsi vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Xüsusilə qadınların pensiya yaşının 65-ə çatdırılmasından sonra bu mövzuda müxtəlif təkliflər səsləndirilir.
Hazırda Azərbaycanda qadınların pensiya yaşının azaldılması ilə bağlı hər hansı rəsmi qəbul edilmiş qərar yoxdur. Mövcud qanunvericiliyə əsasən, 2026-cı il iyulun 1-dən etibarən qadınlar üçün pensiya yaşı 65 müəyyən edilib. Bununla da qadın və kişilər üçün pensiya yaşı bərabərləşib.
Bu barədə AR Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, qadınların pensiya yaşının 65-ə çatdırılması mərhələli şəkildə həyata keçirilib:
“2017-ci ildən etibarən qadınların pensiya yaşı hər il 6 ay artırılaraq 60 yaşdan 65 yaşa yüksəldilib.
Qanunvericilikdə müəyyən kateqoriyalara aid qadınlar üçün pensiya yaşına güzəştlər də nəzərdə tutulur. Məsələn, beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar müəyyən şərtlər daxilində pensiyaya 5 il daha tez çıxa bilərlər. Həmçinin xüsusi ağır və zərərli işlərdə çalışan qadınlar üçün də 5 illik yaş güzəşti tətbiq olunur”.
Professor qeyd edib ki, gələcəkdə qadınlar üçün pensiya yaşının azaldılması məsələsini tamamilə istisna etmək olmaz. Lakin bunun üçün ciddi siyasi və maliyyə əsaslandırmasına ehtiyac var.
“Belə bir qərarın qəbul edilməsi həm siyasi, həm də maliyyə baxımından ciddi əsaslandırma tələb edir. Çünki pensiya yaşının, məsələn, 65-dən 55-ə endirilməsi pensiya sisteminin maliyyə yükünü əhəmiyyətli dərəcədə artıra bilər. Bu halda vətəndaşların daha uzun müddət pensiya alması ilə yanaşı, onların əmək fəaliyyəti və sosial sığorta ödənişləri də daha erkən başa çatmış olacaq”.
Rəsmiyyə Sabirin sözlərinə görə, Qafqaz ölkələrində qadınlar üçün pensiya yaşı Azərbaycandakı göstəricidən aşağıdır.
“Bununla belə, bu ölkələrdə də qadınların pensiya yaşı 50-55 yaş arasında deyil. Məsələn, Gürcüstan və Ermənistanda qadınlar üçün müəyyən edilmiş pensiya yaşı Azərbaycandan aşağı olsa da, 50 yaş həddindən yuxarıdır”.
Professor hesab edir ki, yaxın perspektivdə qadınların pensiya yaşının birbaşa 50-55 yaşa endirilməsi daha az ehtimallıdır. Onun fikrincə, daha real ssenari müəyyən qadın qrupları üçün güzəştlərin genişləndirilməsi, əmək stajı və uşaqların sayına əsasən erkən pensiyaya çıxmaq imkanlarının artırılması ola bilər.
Aynurə İsmayıl
KONKRET.az
