Son zamanlar sosial şəbəkələrdə süd və süd məhsullarının yaşlanmanı sürətləndirdiyi ilə bağlı iddialar geniş müzakirə olunur. Bəs bu fikirlərin elmi əsası varmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib ki, süd və süd məhsullarının birbaşa yaşlanmanı sürətləndirdiyini göstərən konkret elmi araşdırmalara rast gəlinmir. Onun sözlərinə görə, yaşlanma prosesi tək bir qida məhsulu ilə izah edilə bilməz:

Asim Vəliyev
“Yaşlanmaya daha çox ümumi qidalanma tərzi, yuxu rejimi, stress səviyyəsi, çəki dəyişiklikləri, siqaret istifadəsi, günəş şüalarına məruz qalma və xroniki iltihab kimi amillər təsir edir”.
Ekspert qeyd edib ki, bəzi meta-analizlər süd qəbulunun qanda insulinə bənzər böyümə faktoru (IGF-1) səviyyəsini bir qədər artıra bildiyini göstərir. Lakin bu artımın avtomatik olaraq qocalmanı sürətləndirməsi anlamına gəlmədiyini vurğulayıb.
Asim Vəliyev həmçinin dəridə elastikliyin azalmasına səbəb ola bilən “AGE” adlı birləşmələrə də toxunub. Onun sözlərinə görə, bu maddələr əsasən yüksək temperaturda bişirilmiş qidalardan yaranır və südün özündən çox ümumi rasion və bişirmə üsulu ilə bağlıdır.
Ekspert şirinləşdirilmiş yoqurtlar, şəkərli süd içkiləri və desertlərin daha çox çəki artımı və insulin müqaviməti kimi risklər yaratdığını bildirib. Eyni zamanda, çox yağlı və duzlu pendirlərin də rasion balansını poza biləcəyini qeyd edib. Bununla belə, fermentləşdirilmiş süd məhsullarının nisbətən faydalı olduğunu vurğulayıb:
“Bu məhsullar zülal və kalsiumla zəngindir, bəzi insanlarda bağırsaq sağlamlığına müsbət təsir göstərir. Süd və süd məhsullarının yaşlanmanı sürətləndirdiyinə dair güclü sübut yoxdur. Ümumi təsir porsiya miqdarından və qidalanma tərzindən asılıdır”.
Asim Vəliyev əlavə edib ki, bəzi insanlarda süd qəbulundan sonra köp, ağrı və dəri səpkilərinin artması müşahidə oluna bilər. Bu hallar daha çox laktoza həssaslığı və fərdi dözümsüzlüklə bağlıdır və südün hamı üçün zərərli olduğu anlamına gəlmir.
Aynurə İsmayıl
KONKRET.az
