Süni intellekt həyatın bir çox sahəsində olduğu kimi, musiqi sənayesində də ənənəvi yanaşmaları sürətlə dəyişir. Artıq mahnının bəstələnməsi, melodiyanın hazırlanması, aranjimanın qurulması, müxtəlif səslərin sintez edilməsi və hətta insan səsinin təqlidi üçün süni intellekt texnologiyalarından istifadə olunur. Bir vaxtlar yalnız peşəkar bəstəkar, aranjimançı və studiyaların imkanları hesabına mümkün olan bir sıra proseslər indi xüsusi proqramlar vasitəsilə daha qısa müddətdə həyata keçirilə bilir. Daha diqqətçəkən məqam isə süni intellektlə hazırlanmış mahnıların artıq radio efirlərində səsləndirilməsi və bununla da texnologiyanın musiqi bazarının real iştirakçısına çevrilməsidir.
Bu proses musiqi dünyasında həm maraq, həm də müəyyən narahatlıq yaradır. Çünki söhbət yalnız yeni texniki imkanlardan getmir. Süni intellektin musiqi istehsalında geniş yayılması gələcəkdə bəstəkarın, müğənninin, aranjimançının və digər yaradıcı şəxslərin fəaliyyətinə də təsir göstərə bilər. Əgər texnologiya insan səsinə yaxın vokal yarada, müxtəlif üslublarda mahnılar bəstələyə və peşəkar səviyyədə aranjiman hazırlaya bilirsə, o zaman canlı ifaçı ilə süni şəkildə yaradılan musiqi məhsulu arasındakı sərhədin necə qorunacağı sualı meydana çıxır.
Xüsusilə Azərbaycan üçün bu məsələ daha fərqli aspektdən diqqət çəkir. Ölkədə musiqi mədəniyyətinin mühüm istiqamətlərindən biri olan toy sektoru uzun illərdir canlı ifaçılar, müğənnilər və musiqi kollektivləri üçün əsas fəaliyyət və gəlir mənbələrindən biridir. Toy məclislərində yalnız mahnının səsləndirilməsi deyil, ifaçının səhnə davranışı, qonaqlarla ünsiyyəti, məclisin ab-havasına uyğun repertuar seçməsi və anlıq improvizasiya imkanları da mühüm rol oynayır. Bu baxımdan süni intellektin musiqi istehsalında sürətlə yayılması toy bazarında da müəyyən dəyişikliklərə səbəb ola bilər.
Digər tərəfdən, texnologiyanın inkişafını yalnız təhlükə kimi qiymətləndirmək də düzgün olmazdı. Süni intellekt bəstəkar və müğənnilər üçün yeni yaradıcılıq imkanları yarada, onların ideyalarını daha sürətli şəkildə musiqiyə çevirməsinə, fərqli üslub və səslənmələri sınaqdan keçirməsinə imkan verəcək. Hətta gələcəkdə konkret şəxslərin zövqünə, həyat hekayəsinə və xüsusi günlərinə uyğun fərdiləşdirilmiş mahnıların hazırlanması musiqi bazarının ayrıca istiqamətinə çevrilə bilər.
Beləliklə, qarşıdakı illərdə əsas müzakirə süni intellektin musiqiyə daxil olub-olmaması deyil, onun sənətkarla münasibətinin necə qurulacağı ətrafında gedəcək. Texnologiya musiqiçinin əlində yeni yaradıcı vasitəyə çevriləcək, yoxsa insan əməyinin və canlı ifanın rolunu tədricən azaldacaq? Süni intellektin geniş yayılması müğənnilərin fəaliyyətinə, musiqi sənayesinə və xüsusilə toy sektoruna necə təsir göstərəcək?
Mövzu ilə bağlı KONKRET.az-a danışan musiqişünas-bəstəkar Aytən Oqtayqızı hesab edir ki, süni intellekt müğənniləri əvəz etməkdən daha çox onların yaradıcılıq imkanlarını genişləndirəcək.

Onun sözlərinə görə, burada əsas məsələ texnologiyadan necə istifadə edilməsidir:
“Texnologiya sənətkarın yerinə düşünməməli, onun yaradıcılıq ideyasını həyata keçirməsinə, yeni imkanlar sınamasına və musiqi düşüncəsini fərqli istiqamətlərdə inkişaf etdirməsinə kömək etməlidir. Əks halda, sənətçinin öz yaradıcılıq siması arxa plana keçə bilər.
Mən özüm də son vaxtlar süni intellekt proqramlarından istifadə edərək mahnılarımı istədiyim üslubda aranjiman edirəm və nəticələr çox uğurlu alınır. Bu imkan mənə müxtəlif səslənmələri, alət tərkiblərini və musiqi üslublarını sınamağa, bəzən beynimdə formalaşan ideyanı daha qısa müddətdə eşidilən musiqiyə çevirməyə imkan verir. Bu, əslində, yaradıcı proses üçün əlavə stimul yaradır.
Əvvəllər bunun üçün daha çox vaxt və texniki resurs tələb olunurdusa, indi süni intellekt müəyyən mənada yaradıcı prosesdə əlavə bir alətə çevrilir. Lakin ən vacib məqam odur ki, son qərarı yenə də insan verir. Nəyin musiqi baxımından uğurlu, nəyin isə sadəcə texniki cəhətdən maraqlı olduğunu müəyyən edən sənətkarın zövqü, musiqi duyumu və peşəkarlığıdır”.
Aytən Oqtayqızı hesab edir ki, süni intellekt peşəkar və özünəməxsus ifa üslubuna malik canlı sənətkarı tam şəkildə əvəz edə bilməz. Çünki texnologiya səs yarada və müəyyən qədər insan səsini təqlid edə bilsə də, sənətkara məxsus duyğunu, interpretasiyanı, səhnə enerjisini və tamaşaçı ilə canlı ünsiyyəti bütövlükdə təkrarlamaq çətindir.
“Musiqidə yalnız düzgün notları və səsləri yaratmaq kifayət etmir. Həmin musiqini hiss etmək və hiss etdirmək də lazımdır. Ona görə də süni intellekti sənətkarın rəqibi kimi deyil, onun əlində olan müasir yaradıcı alətlərdən biri kimi görürəm. Əsas məsələ bu alətin sənətkarı idarə etməsi deyil, sənətkarın ondan necə istifadə etməsidir”, – deyə bəstəkar vurğulayıb.
Mövzunun digər mühüm tərəfi isə süni intellektin musiqi sənayesinin kommersiya seqmentlərinə, xüsusilə də toy sektoruna mümkün təsiridir.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, süni intellektin musiqi sənayesinə, o cümlədən Azərbaycanın özünəməxsus toy sektoruna daxil olması musiqi istehsalını, müəllif hüquqları məsələlərini və canlı ifa bazarını dəyişdirə biləcək rəqəmsal transformasiya prosesidir.
O, qeyd edib ki, süni intellektlə hazırlanan mahnıların radio efirlərində səsləndirilməsi musiqi istehsalının əvvəlki kimi yalnız peşəkar studiyaların imkanları ilə məhdudlaşmadığını göstərir. Bu texnologiya ənənəvi musiqiçilər üçün müəyyən rəqabət riski yaratsa da, eyni zamanda sektor qarşısında yeni kommersiya və yaradıcılıq imkanları açır.
Ekspertin fikrincə, toy sektorunda süni intellektin əsas üstünlüklərindən biri fərdiləşdirilmiş musiqi məzmununun hazırlanması olacaq. Gələcəkdə bəy və gəlinin adlarına, şəxsi həyat hekayələrinə və xüsusi xatirələrinə uyğun eksklüziv toy mahnılarının qısa müddətdə hazırlanması daha geniş yayıla bilər.
Bununla yanaşı, süni intellekt musiqi tərtibatçıları və aranjemançılar üçün də yeni imkanlar yaradır. Texnologiya yeni ritmlərin, melodiyaların və müxtəlif səslənmələrin sınaqdan keçirilməsini sürətləndirərək yaradıcı prosesin texniki mərhələsinə sərf olunan vaxtı azaldacaq.
Elvin Abbasov hesab edir ki, canlı ifaçıların və toy ansambllarının tamamilə süni intellektlə əvəzlənməsi, eləcə də toy musiqisi bazarında tələbatın kəskin şəkildə aradan qalxması qısa və orta müddətdə real görünmür.
“Toy sənayesi yalnız arxa fonda səslənən musiqidən ibarət deyil. Bu sektor birbaşa insan emosiyasına, canlı enerjiyə, səhnə xarizmasına və məclisin idarə olunmasına söykənir. Süni intellekt nə qədər mükəmməl mahnı bəstələsə də, məclisdəki canlı interaksiyanı, qonaqların əhval-ruhiyyəsinə uyğun anlıq improvizasiyaları və canlı səsin yaratdığı emosional bağı təkbaşına əvəz edə bilməz”, – deyə o, bildirib.
Ekspertin fikrincə, süni intellektin inkişafı toy sektorunda tələbatın tamamilə yox olmasından daha çox, bazarın daxilində müəyyən keyfiyyət və struktur dəyişikliklərinə səbəb ola bilər. Xüsusilə eyni tipli aranjemanlar təqdim edən, yalnız fon musiqisi və fonoqram üzərində fəaliyyət göstərən zəif ifaçıların rəqabət imkanları azalacaq.
Beləliklə, süni intellektin musiqi sənayesinə daxil olması canlı ifaçının sonunu deyil, musiqi bazarında yeni mərhələnin başlanğıcını göstərəcək. Texnologiya bəstəkar və müğənni üçün yeni alətlər təqdim etməklə yaradıcılıq prosesini sürətləndirə, fərdiləşdirilmiş musiqi məhsullarının hazırlanmasını asanlaşdıra və yeni kommersiya imkanları yarada bilər. Digər tərəfdən, müəllif hüquqları, süni səslərin istifadəsi və insan əməyinin dəyəri kimi məsələlər də gündəmdə qalacaq.
Əsas dəyişiklik isə, görünür, texnologiyanın insanı tam əvəz etməsindən deyil, ondan istifadə edən və etməyən sənətçilər arasındakı fərqin getdikcə artmasından ibarət olacaq. Canlı ifanın yaratdığı emosional əlaqə isə xüsusilə toy kimi birbaşa insan ünsiyyətinə əsaslanan sahələrdə öz əhəmiyyətini qoruyacaq.
Aynurə İsmayıl
KONKRET.az
