Nyu-Yorkda bir neçə Rusiya vətəndaşı ABŞ vətəndaşlarını və əcnəbiləri Kremlin sifarişi ilə qətllər törətmək üçün cəlb etməyə cəhddə ittiham olunub.
KONKRET.az xəbər verir ki, ABŞ Baş Prokurorluğu hesab edir ki, təqsirləndirilən şəxslər, digər əməllərlə yanaşı, ABŞ ərazisində və digər ölkələrdə olan şəxslərə “ilkin kəşfiyyat məlumatlarının toplanması və hədəfli qətllərin həyata keçirilməsi, eləcə də Ukraynanı dəstəkləyən Avropa ölkələrində mülki və hərbi infrastruktura qarşı terror aktlarının törədilməsi” üçün mükafatlar ödəyiblər.
Təqsirləndirilən şəxslər qətllərin təşkilini həyata keçirən qlobal RIS Network şəbəkəsi çərçivəsində fəaliyyət göstəriblər. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, bu şəbəkə xaricdə, o cümlədən qətllər vasitəsilə hücumlar həyata keçirən Rusiya dövlət aparatının bir bölməsidir. RIS Network əsas diqqətini Rusiya dissidentlərinə və fərarilərə, eləcə də Ukraynanın müttəfiqi hesab olunan ölkələrə yönəldib.
Təqsirləndirilən şəxslər kimlərdir?
ABŞ hakimiyyət orqanlarının bildirdiyinə görə, təqsirləndirilən şəxslərdən üçü RIS Network daxilində yüksək vəzifələr tutur.
Onlar aşağıdakılardır:
* Yuri Xrameyev – “Polkovnik Yuri” ləqəbi ilə də tanınır. Rusiyanın xüsusi xidmət orqanlarının keçmiş polkovnikidir.
* Kirill Xrameyev – Yuri Xrameyevin oğlu. ABŞ Baş Prokurorluğunun məlumatına görə, FSB zabitidir.
* Oemis Romagoza Durruti – Rusiyada yaşayan kubalı. Şəbəkənin hücumlarını koordinasiya etməkdə şübhəli bilinir.
Tapşırıqların icrası üçün şəxslərin cəlb edilməsində şübhəli bilinən digər şəxslər isə “Vikinq” ləqəbli kubalı Yaydel Delqado Suares və Venesuela vətəndaşı Anxel Eduardo Kastrodur.
Təqsirləndirilən şəxsləri hansı cəza gözləyir?
İş üzrə təqsirləndirilən şəxslər terrorizmin maliyyələşdirilməsi ittihamı ilə 20 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşirlər.
Yuri Xrameyev, Suares və Kastro, həmçinin sifarişli qətl törətmək məqsədilə sui-qəsddə iştirakda ittiham olunurlar. Bu ittiham üzrə onları 10 ilədək həbs cəzası gözləyir.
Hazırda təqsirləndirilən şəxslər axtarışdadırlar.
Rəsmiyyə Şərifova,
KONKRET.az
