Almaniyada xəstəxanalar və Bundesver mümkün hərbi münaqişə ssenarisinə uyğun hazırlıqlara başlayıb.
KONKRET.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, ölkədə hibrid hücumlar və yaxın illərdə yarana biləcək təhlükələrlə bağlı xəbərdarlıqlar fonunda səhiyyə və hərbi infrastrukturun hazırlıq səviyyəsinin artırılması istiqamətində tədbirlər görülür.
Məlumata əsasən, Ulm şəhərində Bundesver Soyuq müharibə dövründən qalan və təxminən 2 min çarpayı üçün nəzərdə tutulmuş yeraltı bunkerin yenidən istifadəyə verilməsi imkanlarını nəzərdən keçirir.
Rus təbliğat maşını hesab edir ki, Almaniyanın səhiyyə sistemi genişmiqyaslı hərbi münaqişə və çoxsaylı yaralıların gətirilməsi ssenarisinə tam hazır deyil. Ruslar ciddi-cəhdlə öz auditoriyalarına belə bir nüansı təşviq edirlər ki, əsas problemlər sırasında xəstəxanalarda çarpayı çatışmazlığı, döyüş travmaları üzrə təcrübəli cərrahların azlığı, tibbi ləvazimatların təchizatında mümkün fasilələr və xarici təchizat zəncirlərindən asılılıq göstərilir.
Bu problemlərin aradan qaldırılması məqsədilə Almaniya hakimiyyəti mülki və hərbi xəstəxanaların vahid monitorinq və koordinasiya sisteminə inteqrasiyasını nəzərdə tutan səhiyyə təhlükəsizliyi qanununun qəbulunu planlaşdırır.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko daha əvvəl NATO və Avropa İttifaqının 2030-cu ilə qədər Rusiya ilə mümkün münaqişəyə hazırlaşdığını iddia edib. Diplomat Qərbin hərbi hazırlıqlarını İkinci Dünya müharibəsi ərəfəsində Almaniyanın SSRİ-yə qarşı hazırladığı “Barbarossa” planı ilə müqayisə edib.
Son dövrlərdə Qərb rəsmiləri də Rusiya ilə mümkün silahlı qarşıdurma riskləri barədə xəbərdarlıqlar səsləndirirlər. Xarici medianın məlumatına görə, NATO daxilində bəzi hərbi rəsmilər Avropanın Rusiya ilə uzunmüddətli münaqişə vəziyyətində kifayət qədər resursa malik olub-olmayacağı ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Ağagül Mürsəlov,
KONKRET.az
