Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Şuşada keçirilən Beynəlxalq Media Forumu layihəsinin yaradılması və həyata keçirilməsinin əsas məqsədlərini izah edib.
KONKRET.az xəbər verir ki, bu barədə o, sosial media hesabında fikirlərini bölüşüb.
O qeyd edib ki, Beynəlxalq Media Forumunun ən vacib məqsədlərindən biri ictimai, o cümlədən beynəlxalq rəyin formalaşmasına təsir göstərmək və aşağıdakı tezisləri möhkəmləndirmək olub:
– Ermənistanın işğal etdiyi ərazilərin azad edilməsinin Azərbaycanın həm hüquqi, həm də mənəvi haqqı olduğu;
– Ermənistanın “öz müqəddəratını təyin etmiş Dağlıq Qarabağa qarşı təcavüz” iddiasının əslində silahlı işğalı pərdələməyə xidmət edən təbliğat tezisi olduğu;
– Qarabağdakı qondarma “erməni irsi” anlayışının, “Stepanakert” adı kimi, sovet dövründə formalaşdırılmış siyasi konstruksiya olduğu;
– İşğal dövründə fəaliyyət göstərən qondarma separatçı rejimin törətdiyi hərbi cinayətlər, vandalizm və talançılıq faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması.
Erməni təbliğatının yaratdığı miflərin ifşa olunması baxımından mühüm əhəmiyyət daşıyan bu və digər tezislər indiyədək keçirilmiş dörd Şuşa Media Forumunda iştirak edən yüzlərlə xarici media nümayəndəsi vasitəsilə geniş auditoriyaya çatdırılıb”.
T.Zülfüqarovun sözlərinə görə, bu səbəbdən jurnalistlərin Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı suallarının azalması və ya demək olar ki, səslənməməsi onu göstərir ki, anti-Azərbaycan təbliğatının neytrallaşdırılması istiqamətində qarşıya qoyulan məqsədə nail olunub:
“2020-ci il Vətən müharibəsinin və 2023-cü il antiterror əməliyyatının nəticələri, o cümlədən artıq ənənəyə çevrilmiş Şuşa Media Forumları vasitəsilə informasiya müstəvisində də möhkəmləndirilib.
Xüsusilə qeyd edilməlidir ki, Prezidentin forumlardakı çıxışları 2020-ci il müharibəsi dövründə verdiyi çoxsaylı müsahibələrin məntiqi davamı kimi qiymətləndirilə bilər. Dövlət başçısının müharibə günlərində ictimaiyyət və media ilə birbaşa, açıq ünsiyyət formatının effektivliyi nəticəsində qarşı tərəf də daha açıq kommunikasiya formaları axtarmağa məcbur oldu.
Əlbəttə, onlayn yayımlarda piroq və qarğıdalı yemək populyarlığı artırıb daha çox “like” qazandıra bilər. Lakin bunu yüksək səviyyəli siyasi və diplomatik peşəkarlığın nümayişi ilə müqayisə etmək mümkün deyil. Bax, təbliğat müharibəsinin “cəbhə”sindən təəssüratlar bunlardır”.
