Şuşa Paşinyanın qəddini əydibackend

Şuşa Paşinyanın qəddini əydi - ŞƏRH

Baş nazir xalqına səslənir ki, daha bu şəhərdən az danışın!

“Doğrudan da indi cəmiyyətin fikri Şuşada yox, mövcud reallıqlarda olmalıdır. Ermənistan cəmiyyəti üzləşdiyi yeni situasiyanı düzgün dəyərləndirməlidir”

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən iclasda erməni ictimaiyyətində səs-küy doğuran açıqlamalar verib. Müxalifətçi millət vəkili Naira Zohrabyanın Şuşanı itirmədən müharibəni bitirməyin mümkünlüyü ilə bağlı sualını cavablandıran Paşinyan Şuşanın erməni şəhəri olmadığını etiraf edib.

Baş nazirin sözlərinə görə, müzakirə prosesinin bütün dövrü ərzində azərbaycanlı qaçqınların Şuşaya qayıtmasını nəzərdə tutmayan bir seçim yox idi: “Müharibəyə qədər Şuşa əhalisinin 90 faizi azərbaycanlılar idi.

Yəni siz demək istəyirsiniz ki, əhalisinin 90 faizindən çoxu azərbaycanlı olan Şuşa ermənilərə aiddir?”. Hökumət rəhbəri müharibəni daha az ərazi itkisi ilə dayandırmaq imkanının olmadığını vurğulayıb: “Bu cür söhbətlər əfsanədir. Müharibəni mümkün qədər tez bitirmək üçün bir sıra addımlar atdıq.

Oktyabrın 12-də Moskvada atəşkəs razılaşması imzalandı və danışıqların ATƏT-in Minsk qrupu formatında davam etdirilməsinə baxmayaraq, müqavilənin şərtləri pozuldu. Üç dəfə barışıq imzalamağa çalışdıq, amma nəticəsi olmadı”.

Xatırladaq ki, Ermənistanın baş naziri kapitulyasiyaya imza atdıqdan dərhal sonra xalqa müraciətində də Şuşa haqqında erməni cəmiyyətində qıcıq yaradacaq fikirlər səsləndirmişdi. O bildirmişdi ki, “ermənilərə Şuşa lazım idisə, niyə gedib məskunlaşmadılar, şəhər boz və bəxtsiz idi”. Halbuki, baş nazir müharibədən əvvəl həm bəyanatları, həm də hərəkətləri ilə daha çox aqressiv yanaşmaları ilə gündəmə gəlirdi.

Getdiyi hər yerdə “Qarabağ Ermənistandır!” deyən baş nazir vəziyyəti mümkün qədər gərginləşdirməyə cəhd edirdi. Lakin kapitulyasiyaya imza atdıqdan sonra Paşinyanın radikal mövqeyindən əsər-əlamət qalmayıb.

KONKRET.az xəbər verir ki, Paşinyanın ziddiyyətli açıqlamalarını “Şərq”ə təhlil edən politoloq İlqar Vəlizadə bildirib ki, daxili siyasi proseslər baş naziri bəzi etiraflara məcbur edir. Ekspertin sözlərinə görə, baş nazir tədricən mövcud reallıqla barışmalı olur:

“Son hadisələr göstərir ki, Ermənistanda bəzi müxalif qruplar revanş niyyəti güdürlər. Paşinyanı müharibəni uduzmaqda, qətiyyət göstərməməkdə, Şuşanın alınmasına göz yummaqda ittiham edirlər.

Paşinyan isə Şuşanın Dağlıq Qarabağ məsələsində dəxli olmadığını sübut etməyə çalışır. Ona görə də Şuşanın tarixən azərbaycanlılar yaşayan şəhər olduğunu vurğulayır.

Ümumiyyətlə, Şuşa haqqında diskusiyaları cəmiyyətin gündəmindən birdəfəlik çıxartmaq istəyir. Çünki belə diskusiyaların sonunda istər-istəməz Paşinyan günahkar çıxır. Yəni Şuşanın geri qaytarılmasının günahkarları nə qədər ictimaiyyətdə az müzakirə edilərsə, bu bir o qədər Nikolun imicinə az xələl yetirər.

Ona görə də Paşinyan xalqda belə bir rəy yaratmaq istəyir ki, Şuşadan az danışmaq lazımdır, onsuz da o şəhər ermənilərin olmayıb. Hətta xatırlayırsınızsa, məğlubiyyətdən dərhal sonra Şuşa haqqında “boz və bəxtsiz şəhər” kimi danışmışdı.

Politoloq xatırladıb ki, Paşinyan bir il öncə fərqli fikirlər səsləndirirdi. Cıdır düzündə rəqs edir və “Qarabağ Ermənistandır” deyirdi:

“Müharibədən qabaq reallıqlar başqa idi. Şuşa və digər işğal olunmuş şəhərlər ermənilərin əlindəydi. Paşinyan məhz buna dayanaraq sərsəm bəyanatlar səsləndirir, müharibə ritorikasına üstünlük verirdi.

Amma Azərbaycan reallıqları öz gücü ilə dəyişdi. Paşinyan da indiki vəziyyətə uyğun danışmağa başlayıb. İctimai-siyasi durum 180 dərəcə dəyişib deyə, baş nazir cəmiyyətin rəyini başqa səmtə yönəltmək istəyir.

Doğrudan da indi cəmiyyətin fikri Şuşada yox, mövcud reallıqlarda olmalıdır. Ermənistan cəmiyyəti üzləşdiyi yeni situasiyanı düzgün dəyərləndirməlidir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*