2026-cı il iyulun 1-nə olan məlumata əsasən, Tacikistanın vergi orqanlarında 130 bloqer və internet kontent yaradıcısı qeydiyyatdan keçib.
KONKRET.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21 nəfər çoxdur. Bu barədə Tacikistanın Vergi Komitəsi məlumat yayıb.
Cari ilin ilk altı ayı ərzində qeydiyyatdan keçmiş bloqçular ümumilikdə 3,9 milyon somoni gəlir əldə ediblər. Bu məbləğdən onlara 383,3 min somoni vergi hesablanıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 82 min somoni çoxdur.
Vergi Komitəsi bildirir ki, getdikcə daha çox vətəndaş Facebook, Instagram, Telegram, YouTube, TikTok və digər internet platformaları vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olur, məhsul satır, xidmət göstərir və reklam yerləşdirməklə gəlir əldə edir.
Bununla yanaşı, qurum hesab edir ki, ölkədə fəaliyyət göstərən bloqçuların faktiki sayı rəsmi qeydiyyatda olanlardan xeyli çoxdur. Lakin onların aşkar edilməsi və vergi uçotuna alınması müəyyən vaxt tələb edir.
Xatırladaq ki, 2021-ci ildən etibarən Tacikistanda bloqçular sosial şəbəkələr və YouTube üzərindən əldə etdikləri gəlirlərə görə vergi ödəməyə borcludurlar.
Rəsmiyyə Şərifova,
KONKRET.az
