Azərbaycanda dövlət hesabına təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsi yenidən gündəmə gəlib. Artan yaşayış xərcləri fonunda tələbələrə ödənilən təqaüdlərin mövcud iqtisadi reallıqlara nə dərəcədə uyğun olduğu müzakirə olunur.
Bəs dövlət hesabına təhsil alan tələbələrin təqaüdləri artırılmalıdırmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev bildirib ki, artıq söhbət təqaüdlərin artırılıb-artırılmamasından deyil, bunun nə zaman həyata keçirilməsindən gedir.

Ekspertin sözlərinə görə, dövlət hesabına təhsil alan tələbələrin təqaüdlərinin artırılması artıq real zərurətə çevrilib.
“Bu məsələ artıq “artırıla bilərmi?” sualından çıxıb, “nə zaman artırılmalıdır?” sualına çevrilib”, – deyə ekspert vurğulayıb.
Fuad Hacıyev qeyd edib ki, son illərdə tələbələrin gündəlik xərcləri əhəmiyyətli dərəcədə artıb. Nəqliyyat, qidalanma, yataqxana və kirayə, dərs vəsaitləri, internet və digər şəxsi xərclərin qiymətləri əvvəlki illərlə müqayisədə yüksəlib.
“Xüsusilə regionlardan Bakıya və digər böyük şəhərlərə təhsil almağa gələn tələbələr üçün vəziyyət daha çətindir. Bir çox ailə övladının təhsil və yaşayış xərclərini qarşılamaq üçün əlavə maddi yük götürür. Təqaüd isə tələbəyə real dəstək olmaq əvəzinə, çox zaman yalnız simvolik məbləğ olaraq qalır”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, tələbə təqaüdünə yalnız əlavə gəlir mənbəyi kimi yanaşmaq düzgün deyil. Bu ödəniş həm də dövlətin yüksək nəticə göstərən, öz üzərində çalışan və gələcəyinə investisiya edən gənclərə dəstəyinin göstəricisidir.
“Əgər biz tələbədən yüksək nəticə, elmi fəaliyyət, inkişaf və keyfiyyətli təhsil tələb ediriksə, onun minimum sosial və maddi ehtiyaclarının qarşılanmasına da şərait yaratmalıyıq.
Tələbə dərsdən sonra məcbur qalıb gündəlik xərclərini qarşılamaq üçün gecə-gündüz işləyirsə, ondan eyni zamanda yüksək akademik nəticə gözləmək ədalətli deyil.
Düşünürəm ki, dövlət hesabına təhsil alan tələbələrin təqaüdlərinə yenidən baxılmalı və mövcud iqtisadi reallıqlara uyğun ciddi artım edilməlidir. Hətta gələcəkdə təqaüdlərin inflyasiya və yaşayış xərclərinə uyğun olaraq mütəmadi indeksləşdirilməsi mexanizmi də yaradılmalıdır.
Gəncliyə və təhsilə ayrılan vəsait xərc deyil, ölkənin gələcəyinə qoyulan investisiyadır”, – deyə Fuad Hacıyev əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
