Tələbələrin oxuduqları ali məktəbləri dəyişməsinin səbəbləri açıqlandıbackend

Tələbələrin oxuduqları ali məktəbləri dəyişməsinin səbəbləri açıqlandı

Azərbaycan Təhsil İnstitutu həyata keçirilən Tədqiqat Mentorluq Proqramı çərçivəsində ölkədəki ali təhsil müəssisələrində təhsilalanları transferə təşviq edən/məcbur edən səbəbləri araşdırıb.

KONKRET.az-ın məlumatına görə, institutun Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslı bildirib ki, tədqiqatın hədəf kütləsini 2017-2021-ci illərdə transfer prosesində iştirak etmiş tələbələr təşkil etmişdir.

Onun sözlərinə görə, tədqiqat çərçivəsində tələbələrlə onlayn sorğular keçirilib: “Sorğuda ümumilikdə 112 nəfər iştirak edib”.

Araşdırma ilə bağlı hazırlanmış hesabatda əks olunmuş tədqiqat nəticələrinin xülasəsi aşağıda təqdim olunub:

– Transfer prosesinə əsasən ali təhsil müəssisələrinə daha aşağı balla qəbul olan tələbələr müraciət edir.

– Həm qadın, həm də kişi cinsindən olan tələbələrin transfer prosesində iştirak etmə səbəbləri içərisində ailə-məişət (yaşadıqları ərazi ilə təhsil aldıqları ali təhsil müəssisəsinin fərqli şəhərlərdə/rayonlarda olması, ev işləri, uşaq qayğısı və s.), karyera-iş (transfer olunmaq istədikləri universitetin təhsil aldıqları universitetlə müqayisədə onların karyeralarına və iş imkanlarına daha müsbət təsir edəcəyi, iş yerləri ilə yaşadıqları ərazi arasındakı məsafənin uzaqlığı və s.) və maliyyə məsələləri ilk sıralarda yer alır.

– Tələbələrin təxminən 40%-nin transferdən öncə təhsil aldıqları universitetlərdəki sosial fəaliyyətlərdən razı olmadığı ortaya çıxıb.

– Tələbələrin təxminən 62%-i tədris olunan fənlərin çətinliyinin başqa ali təhsil müəssisəsinə transfer olunmalarında böyük rol oynadığını qeyd etmişdir. Bu nəticəyə əsasən tədris olunan fənlərin çətinliyinin tələbələrin başqa təhsil müəssisəsinə transfer olunmasında nəzərə çarpacaq bir rolu olduğu qeyd oluna bilər.

– Transfer üçün müraciət edən kişi və qadın tələbələrin əksəriyyətinin sosial və humanitar ixtisas qrupu üzrə təhsil aldığı görünüb.

– Tələbələrin transferdən öncəki təhsil müəssisəsində qiymətləndirmə, idarəetmə və tədris prosesində qarşılaşdıqları ədalətsizliklər tələbələrin transfer olunmasının səbəbi kimi çıxış etmir.

– Tələbələrin transferdən öncə təhsil aldıqları ali təhsil müəssisəsinin akademik heyətinin peşəkarlıq səviyyəsi və təhsilin keyfiyyətindən məmnunluq səviyyəsi ölçülüb.

Nəticələrə əsasən tələbələrin 70%-nin akademik heyətin peşəkarlıq səviyyəsindən, 79%-nin isə təhsilin keyfiyyətindən məmnun olduqları müşahidə edilib. Bu nəticələrə əsasən keyfiyyət faktorunun transfer prosesində əsas rol oynamadığı qeyd oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*