“Azərbaycanın özəl telekanallarının kabel şəbəkələrində yayımlanmaq üçün pul ödədiyi, Rusiya və Türkiyə kanallarının isə ödəniş etmədiyi barədə fikrə hüquqi baxımdan ehtiyatla yanaşmaq lazımdır. Burada iki fərqli ödəniş növü bir-birinə qarışdırılır. Yerli telekanal öz siqnalının ölkə üzrə yerüstü yayımının texniki təminatına görə infrastruktur operatoruna xidmət haqqı ödəyə bilər. Lakin kanalın kabel və IPTV paketlərinə daxil edilməsi tamamilə başqa məsələdir”.
Bu fikirləri Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov KONKRET.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, ümumölkə yerüstü telekanallarının platformalarda yayımı xüsusi qaydada təmin edilir və operator həmin kanallardan sırf paketə daxil edilməyə və retranslyasiyaya görə ödəniş tələb edə bilməz.
“Xarici, o cümlədən Rusiya və Türkiyə telekanallarına isə “pulsuz yayım” imtiyazı verilməyib. Bu kanalların Azərbaycanda retranslyasiyası müvafiq müqavilə, icazə və ya digər hüquqi əsaslarla həyata keçirilməlidir.
Bununla belə, müqavilələrin maliyyə şərtləri fərqli ola bilər. Bəzi hallarda operator xarici kanala ödəniş edir, bəzi hallarda isə kanal yayımını ödənişsiz həyata keçirə bilər. Buna görə də konkret müqavilələri görmədən “yerli kanallar ödəyir, xarici kanallar isə ödəmir” demək hüquqi baxımdan əsaslandırılmış nəticə deyil”.
Vəkil qeyd edib ki, istehlakçı və rəqabət hüquqları baxımından əsas məsələ kimin ödəniş etməsindən daha çox, yerli və xarici telekanallar üçün bərabər və qanuni rəqabət şəraitinin yaradılıb-yaradılmamasıdır.
“Əgər yerli telekanaldan qanunvericilikdə nəzərdə tutulmayan ödəniş tələb edilir, xarici kanala isə əsassız üstünlük verilirsə, bu, araşdırılmalı hüquqi məsələdir. Digər tərəfdən, Rusiya və Türkiyə telekanallarının geniş yayımı onların reklamlarının Azərbaycan auditoriyasına çatmasına və nəticə etibarilə yerli televiziya kanallarının reklam bazarındakı mövqeyinə təsir göstərə bilər.
Bu baxımdan əsas sual “xarici kanallar niyə pul ödəmir?” deyil. Əsas məsələ yerli və xarici telekanallara tətbiq edilən şərtlərin qanuni, şəffaf və ədalətli olub-olmamasıdır”.
Aynurə İsmayıl
KONKRET.az
