Təyyarə qəzaya uğradı, 9 nəfər öldü: Pilot Alyaskada 84 gün necə sağ qaldı?backend

Təyyarə qəzaya uğradı, 9 nəfər öldü: Pilot Alyaskada 84 gün necə sağ qaldı?

1943-cü il dekabrın 21-də Alyaskanın ucqar əraziləri üzərində qəzaya uğrayan B-24 bombardmançısının ikinci pilotu Leon Kreyinin sağ qalma hekayəsi aviasiya tarixinin ən heyrətamiz hadisələrindən biri hesab olunur.

Təyyarə Ferbanks yaxınlığındakı Ledd-Fild aviabazasından təlim uçuşuna çıxmışdı. Uçuş zamanı ekipaj sürətlə ağırlaşan fövqəladə vəziyyətlə, güclü buzlaşma ilə üzləşdi.

Ehtimal olunur ki, karbüratorların buz bağlaması nəticəsində təyyarənin dörd mühərrəyi demək olar ki, eyni vaxtda sıradan çıxıb. Qanadların üzərində buz təbəqəsinin yaranması aerodinamik göstəriciləri kəskin şəkildə pisləşdirib. Bundan başqa, vintlərin fırlanma rejimini dəyişən mexanizmin də nasaz olduğu güman edilir.

Nəticədə bombardmançı idarəolunmaz şəkildə aşağı enməyə başlayıb. Təyyarənin idarəetməsini bərpa etməyə çalışan komandir ekipaja vaxtında təyyarəni tərk etmək əmri verməyib.

Məhv olmaq üzrə olan təyyarədən yalnız ikinci pilot, leytenant Leon Kreyin xilas ola bilib. Vəziyyəti düzgün qiymətləndirən Kreyin pilotların təcili çıxışı üçün nəzərdə tutulmuş lyuka ən yaxın mövqedə idi.

Paraşütünü açmağa cəmi bir neçə saniyə qalmışdı.

Kreyin paraşütlə aşağı enərkən – daha doğrusu, paraşütün onun ağırlığını hələ tam qəbul etmədiyi ilk anlarda düşərkən – qarla örtülü, adını bilmədiyi bir çay vadisini gördü. Elə həmin anda B-24-ün yerə çırpıldığının şahidi oldu. Bombardmançının digər ekipaj üzvlərindən heç biri sağ qala bilmədi.

Kreyin dərin qarın üzərinə düşdü və xəsarət almadı. Lakin qarşıda onu son dərəcə ağır sınaq gözləyirdi.

Onun yanında yalnız kibrit, bıçaq və 14 patronla birlikdə Colt M1911 tapançası vardı. Nə yeməyi, nə xüsusi avadanlığı, nə də ən sadə ərzaq ehtiyatı vardı.

Pilot növbəti 10 gün ərzində dərin qarın içində bəzən yeriyərək, bəzən isə sürünərək çayın axarı boyunca hərəkət etdi. Sonradan məlum oldu ki, bu çay Yukon çayının qollarından biri imiş.

Kəskin soyuq, xizəklərin və qidanın olmaması onun vəziyyətini getdikcə ağırlaşdırdı. Kreyin ciddi şəkildə zəiflədi və donvurmalar aldı.

Lakin onuncu gün bəxti gətirdi: qarşısına yerli xəz ovçularından birinin tikdiyi kiçik daxma çıxdı.

Daxmada müəyyən qədər ərzaq və alətlər tapıldı. Bu alətlər Kreyinə qar ayaqqabıları düzəltməyə imkan verdi. Polad məftil və kəndirlərdən isə kiçik heyvanları tutmaq üçün tələlər hazırladı. Görünür, onun bu cür tələlərin quruluşu barədə müəyyən təsəvvürü vardı.

Tapança isə güllələrdən son dərəcə qənaətlə istifadə etməklə daha iri heyvanları ovlamağa və ət əldə etməyə imkan verdi.

Kreyinin sivilizasiyaya çıxması 84 gün çəkdi.

Bu müddət ərzində çayların axarı ilə hərəkət edən pilot nəhayət mədənçilərin yaşadığı kiçik bir yaşayış məntəqəsinə çatdı. Orada buzların əriməsini və çaylarda gəmiçilik mövsümünün başlamasını gözlədi. Daha sonra onun üçün hidroplan göndərildi və Kreyin xilas edildi.

Leon Kreyin bu ağır sınaqdan sağ çıxdı və hadisənin onun sağlamlığında ciddi fəsadları olmadı.

Müharibədən sonra universiteti bitirərək mühəndis oldu. Daha sonra müəllimlik fəaliyyəti ilə məşğul oldu və karyerasını professor kimi başa vurdu.

Kreyin özünün Alyaskada keçirdiyi 84 günlük mübarizədən bəhs edən “84 gün sıfırın altında” adlı kitab yazdı. Məhz bu kitab onun hekayəsini geniş ictimaiyyətə tanıtdı.

Leon Kreyin 1994-cü ildə, 75 yaşında vəfat edib.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*