İqtisadçı ekspert Natiq Cəfərli suyun qiymətinin artırılması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
KONKRET.az xəbər verir ki, o bildirib ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov: “Bəzi hallarda tikinti layihələrinin icrası prosesində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərdən qənaətlə və səmərəli istifadə prinsipi tam gözlənilməyib. Qarabağa qayıdış çərçivəsində yaşayış məntəqələrinin layihələndirilməsində təbii relyefin tam diqqətə alınmaması, şaquli planlaşdırma həllərində tökmə torpaqdan istifadənin artması ilə yanaşı, əsaslandırılmış zərurət olmadan layihələrdəki qruntun çıxarılması və əks doldurmanın həcminin artması əlavə büdcə vəsaitinə tələbatın yaranmasına səbəb olub”.
Tərcüməsi: Tikinti işlərində ən asan pul silmə metodlarından biri torpaq-qrunt işləridir. Məslən, A şirkəti layihə zamanı öz sənədlərində göstərir ki, B obyektinin tikintisi zamanı 1000 maşın torpaq daşınıb, hər reysə də yanacaq, ödəniş və s. daxil, 50 manat vəsait xərclənib. Amma, fokus da budur ki, buna nəzarət yoxdur, iş icraçısı sürücü ilə danışır, 5 reysin əvəzinə 50 reys yazır, ona uyğun vəsait silinir, işlədilməyən yanacaq ayrı satılır, sürücüyə düşən ödəniş də bölünür.
Belə bir “şəhər əfsanəsi” var ki, bir neçə il əvvəl Azərbaycanın böyük tikinti şirkətlərinin birində yoxlama olur, bir neçə nəfər həbs olunur, məhkəmə zamanı məlum olur ki, yol tikintisi zamanı bir iş günündə eyni nömrəli “Kamaz” 820 reys edib, torpaq daşıyıb. Daşınan məsafə, hardasa 20 km olub (gediş-dönüş), yəni, işin adına rəsmiləşdirildiyi sürücü, sənədlərə görə həmin gün 16400 km məsafə qət edibmiş – 8 saatlıq iş günü olduğunu nəzərə alanda sürücü 1 saata 2050 km yol sürübmüş, yəni, heç “Boeing” belə 1 saata 2000 km məsafədə uça bilmir. Belə…
P.S. Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür, gün o gün olsun ki, çəkdikləri əziyyəti bəhrəsini cəmiyyət hiss etsin, büdcə sökənləri “qəfəsdə” görsün. Amin!
Natiq Cəfərli
