“Rusiyada quş əti qiymətlərinin rekord həddə yüksəlməsi müəyyən dərəcədə Azərbaycan bazarına da təsir göstərə bilər. Lakin bu təsirin miqyası Azərbaycanın daxili istehsal imkanlarından, idxalın həcmindən və bazarda təklif-tələb balansından asılı olacaq”.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib:

“Azərbaycan son illərdə quş əti istehsalını artırmağa çalışsa da, bazarda idxal məhsulları da mühüm paya malikdir. Əgər Rusiyada qiymətlər yüksəlirsə, bu ölkədən Azərbaycana ixrac olunan məhsulların qiyməti də arta bilər. Eyni zamanda, Rusiya istehsalçıları daxili bazara üstünlük verərsə və ixracı azaldarsa, Azərbaycan alternativ tədarükçülərə üz tutmalı olacaq ki, bu da əlavə logistika və alış xərcləri yaradacaq”.
Ekspertin sözlərinə görə, Rusiyada yem, istehsal və logistika xərclərinin, eləcə də inflyasiyanın artması qlobal bazarlara da təsir edərsə, bu, təkcə Rusiyadan deyil, digər ölkələrdən idxal olunan quş ətinin də bahalaşmasına gətirib çıxaracaq.
“Bununla yanaşı, Azərbaycanın daxili bazarında qiymətlər təkcə xarici amillərlə müəyyən olunmur. Yerli quşçuluq təsərrüfatlarının istehsal həcmi, yem bazarındakı vəziyyət, enerji və nəqliyyat xərcləri, eləcə də manatın məzənnəsinin sabitliyi də qiymətlərə ciddi təsir göstərir. Əgər daxili istehsal tələbatı böyük ölçüdə qarşılayarsa, Rusiyadakı bahalaşmanın təsiri məhdud qalacaq.
Hazırkı şəraitdə Rusiyada quş əti qiymətlərinin artmasının Azərbaycanda da müəyyən bahalaşma riski yaratdığı söylənilə bilər. Lakin bu, avtomatik və eyni səviyyədə qiymət artımı demək deyil. Əgər idxalın diversifikasiyası davam etdirilərsə və yerli istehsal artırılarsa, xarici bazarlardakı qiymət dəyişikliklərinin Azərbaycan istehlakçısına təsiri daha zəif ola bilər. Buna görə də yaxın aylarda qiymətlərə təsir edəcək əsas amillərdən biri Azərbaycanın quş əti bazarının daxili təklif imkanları və idxal siyasəti olacaq”.
Aynurə İsmayıl
KONKRET.az
