Tramp Sorosun fondunu hədəfə aldı: Böyük yoxlama başlayırbackend

Tramp Sorosun fondunu hədəfə aldı: Böyük yoxlama başlayır

ABŞ Prezidenti Donald Trampın administrasiyası sol yönümlü bir sıra qeyri-kommersiya təşkilatlarında genişmiqyaslı vergi yoxlaması aparmağa hazırlaşır. Yoxlanılması nəzərdə tutulan qurumlar arasında amerikalı milyarder Corc Sorosun təsis etdiyi “Açıq Cəmiyyət” fondu da var.

KONKRET.az xəbər verir ki, bu barədə “New York Post” qəzetinin mənbələrə istinadən yaydığı məlumatda bildirilib.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi genişmiqyaslı audit planı hazırlayır. Yoxlamaların nəticəsində sözügedən təşkilatların vergi güzəştlərindən məhrum edilməsi gündəmə gələ bilər. Bundan əlavə, auditlərin əhəmiyyətli məbləğdə maliyyə cərimələri ilə nəticələnə biləcəyi qeyd olunur.

Sorosun fondu ilə yanaşı, Amerika-İslam Münasibətləri Şurası (CAIR) və “Southern Poverty Law Center” hüquq müdafiə təşkilatının da yoxlamalara cəlb edilə biləcəyi bildirilir.

Mənbələrdən biri qəzetə açıqlamasında ABŞ Maliyyə Nazirliyinin məsələni sona qədər davam etdirməkdə qətiyyətli olduğunu və geri addım atmağı planlaşdırmadığını deyib. Mənbənin sözlərinə görə, bu təşkilatların və onların donorlarının “günləri sayılıdır”.

Qeyd edək ki, 2026-cı ilin avqustunda Donald Tramp Corc Soros və onun oğlunun ABŞ-da keçirilən etiraz aksiyaları zamanı baş verən iğtişaşların dəstəklənməsində məsuliyyətə cəlb olunmasına çağırıb. ABŞ prezidenti Sorosun ölkədə radikal sol təşkilatların maliyyələşdirilməsində iştirak edə biləcəyini də istisna etməyib.

Tramp həmçinin Sorosa qarşı ABŞ-ın RICO qanunu — mütəşəkkil cinayətkarlığa qarşı qanunvericilik çərçivəsində tədbirlər görülməsinin mümkünlüyünü gündəmə gətirib. Sözügedən qanun 20 ilədək həbs cəzası və maliyyə sanksiyalarını nəzərdə tutur.

Günay Əli 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*