ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirlər Assosiasiyasının (WHCA) ənənəvi illik qəbulunda çıxışı zamanı Yaxın Şərqdəki vəziyyətə də toxunub.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın populyar “The Wall Street Journal“ nəşri məlumat yayıb.
Məlumatda qeyd edilib ki, o, administrasiyasının İran siyasətini uğurlu hesab etdiyini bildirərək, bu istiqamətdə qarşıya qoyulan məqsədlərə nail olunduğunu deyib.
Tramp çıxışında ABŞ-ın İrana qarşı həyata keçirdiyi siyasətin ölkəsinin milli təhlükəsizlik maraqlarına xidmət etdiyini vurğulayıb. Prezident bu mövzunu geniş şərh etməsə də, İranla bağlı görülən işlərdən razı qaldığını ifadə edib və administrasiyasının fəaliyyətini müdafiə edib.
Donald Tramp mövcud münaqişənin həlli üçün İran nümayəndələrinin irəli sürəcəyi təkliflərə qulaq asmağa hazır olduğunu açıqlayıb.
“Yeri gəlmişkən, biz hazırda danışıqlar prosesindəyik. Onlar (İran hökuməti) sülh sazişini imzalamaqda çox maraqlıdırlar. Lakin mən onların hələ buna tam hazır olduğunu düşünmürəm. Fikrimcə, hələ bunun zamanı gəlməyib. Buna baxmayaraq, mən onları dinləməyə hazıram. Amma onların nüvə silahına yiyələnməsinə qətiyyən imkan vermək olmaz”.
Xatırladaq ki, rəsmi Tehran öz növbəsində heç bir halda nüvə silahı əldə etmək məqsədi güdmədiyini dəfələrlə bəyan edib.
Qeyd edək ki, Trampın çıxışı əsasən media nümayəndələri və siyasi rəqiblərinə yönəlmiş tənqidi fikirlərlə yadda qalsa da, o, nitqi zamanı İran müharibəsinə də qısa şəkildə toxunaraq ABŞ administrasiyasının bu istiqamətdəki fəaliyyətini uğurlu kimi təqdim edib.
Günay Əli
KONKRET.az
