ABŞ-ın hazırkı administrasiyası İranın hərbi potensialının darmadağın edildiyini bəyan etsə də, kəşfiyyat məlumatları və nüfuzlu media qurumlarının araşdırmaları tamamilə fərqli mənzərəni ortaya qoyur. “CNN” və “New York Times” (NYT) tərəfindən dərc olunan hesabatlara görə, rəsmi Vaşinqtonun iddialarının əksinə olaraq, Tehran öz hərbi gücünün əhəmiyyətli hissəsini qoruyub saxlaya bilib.
KONKRET.az xəbər verir ki, kəşfiyyat məlumatlarına əsaslanan təhlillər göstərir ki, İran xüsusilə pilotsuz uçuş aparatları (PUA) və sahil mühafizə raket sistemlərinin böyük hissəsini hələ də operativ vəziyyətdə saxlayır. Bu isə o deməkdir ki, Tehran regionda ciddi təhdid olmaqda davam edir.
Məsələnin ən diqqətçəkən tərəfi isə ABŞ-ın yüksək rütbəli hərbçilərinin tutduğu mövqedir. Senatdakı dinləmələr zamanı Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Kin və müdafiə naziri Heqset prezident Trampın “İranın raket potensialının 80%-i məhv edilib” ifadəsini təsdiqləməkdən yayınıblar. Hərbi rəsmilər “məxfiliyi” bəhanə gətirərək Ağ Evin rəsmi versiyasına dəstək verməyib və bu, Trampın rəqəmləri şişirtdiyi barədə şübhələri daha da artırıb.
Analitiklər hesab edir ki, ABŞ prezidenti İranın itkilərinin miqyası barədə faktları qəsdən təhrif edir. Ekspertlərin fikrincə, hərbi uğurların bu dərəcədə şişirdilməsi Vaşinqton tərəfindən daxili və xarici siyasi məqsədlərə nail olmaq, eləcə də seçicilər qarşısında “qalib lider” imici yaratmaq üçün bir alət kimi istifadə olunur. Reallıqda isə İranın hərbi infrastrukturunun böyük hissəsinin hələ də toxunulmaz qaldığı vurğulanır.
Natiq Səlim,
KONKRET.az
