ABŞ prezidenti Donald Tramp üçün Florida ştatındakı Doral qolf kompleksində 22 metr hündürlüyündə qızılı rəngli nəhəng heykəl açılıb.
KONKRET.az xəbər verir ki, Evanjelik pastor Mark Burnsün rəhbərliyi ilə keçirilən mərasimdə çıxışlar və heykəlin simvolik mənası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Palm ağacları arasında yerləşdirilən heykəldə Tramp Pensilvaniyada baş verən sui-qəsd cəhdindən sonra göstərdiyi yumruq jesti ilə təsvir edilib.
Açılış mərasimində danışan pastor Mark Burns heykəlin “saxta bir büt” olmadığını bildirərək onun “həyat, müqavimət, azadlıq, vətənpərvərlik və Amerikanın gələcəyi uğrunda mübarizə iradəsini” simvolizə etdiyini deyib. O həmçinin Trampın “Tanrı tərəfindən qorunduğunu” iddia edərək, onun keçirdiyi sui-qəsd cəhdlərinə də işarə edib.
Məlumata görə, mərasimə Donald Tramp telefon bağlantısı vasitəsilə qoşularaq iştirakçılara təşəkkürünü bildirib.
Təxminən 15 metr hündürlüyündəki heykəl 7 metrlik postament üzərində ucaldılıb. Layihənin “$PATRIOT” adlı memecoin-in tanıtımı ilə məşğul olan kriptovalyuta investorları tərəfindən maliyyələşdirildiyi iddia olunur.
Heykəlin müəllifi heykəltəraş Alan Cottrill onun üçün 300 min dollarlıq razılaşma olduğunu, lakin sonradan ödəniş prosesində problemlər yaşandığını bildirib. Onun sözlərinə görə, daha sonra investorlar heykəlin qızıl örtüklə hazırlanmasını istəyiblər.
Qeyd edək ki, Tramp üçün bundan əvvəl də ABŞ-da müxtəlif heykəllər və sənət instalyasiyaları hazırlanmış, bəziləri isə mübahisələrə səbəb olub.\\Sfera.az
