Çorumun Mecitözü rayonunun Çitli kəndində bir fermer tarlasını şumlayarkən üçminillik qolbaq tapıb.
KONKRET.az Anadolu-ya istinadən xəbər verir ki, fermer bilərziyi tarixi dəyəri ola biləcəyini düşünərək Çorum Muzeyinə təhvil verib.
Muzeydəki mütəxəssislər tərəfindən təxminən 3300 il yaşı olduğu müəyyən edilən qızıl işləməli qolbaq bərpa olunmaq üçün laboratoriyaya aparılıb. Uzun bərpa işlərindən sonra orijinal görkəmini qazanan bilərzik Çorum Muzeyində nümayiş olunub.
Çorum Muzeyinin direktoru Metin Çakar bildirib ki, bilərziyin üzərində padşahın tanrıya təqdim edilməsi təsvir olunub.
Qolbaq eramızdan əvvəl 13-cü əsrə aid zərgərlik və zinət əşyalarının ən nadir nümunələrindən biri hesab olunur:
“Bu nadir bilərziyi muzeyimizdə nümayiş etdirməkdən xoşbəxtik. Qolbağın üzərində gözəl təsvir var. Sağ tərəfində Het kralını görürük. Onun qarşısında hetlərin sitayiş etdiyi tanrı İştar Şauşkadır. Arxasında Ninatta və Kulitta adlı köməkçiləridir. 13-cü əsrə aid bu gözəl bilərzik Het dövründəki ibadəti təsvir edir”.
İqbal Rzayev,
KONKRET.az
