Almaniyanın avtomobil nəhəngi “Volkswagen” Polşadakı zavodunda maraqlı üsula əl atıb. Müəssisənin ərazisindəki günəş elektrik stansiyasının ot örtüyünə qulluq etmək üçün 100 qoyundan ibarət sürü cəlb olunub.
KONKRET.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə “Jurnalul” nəşri məlumat yayıb.
Qoyunlar Polşanın Vjeşnya şəhərində yerləşən “Volkswagen” zavodunun 27 hektarlıq fotovoltaik parkında otlayır. Onların əsas vəzifəsi günəş panellərinin altında bitən otları yeməklə ərazini təbii şəkildə biçməkdir. Beləliklə, şirkət otların mexaniki vasitələrlə təmizlənməsi ehtiyacını azaltmağı hədəfləyir.
Aprelin sonunda əraziyə gətirilən heyvanlar yerli “Böyük Polşa” cinsinə aiddir. Onlara fermer Yustina Novak-Hayek nəzarət edir. Layihə çərçivəsində qoyunların günəş panellərinin yerləşdiyi mühitdə davranışları da araşdırılır.
Qeyd edək ki, zavodun ərazisində 31 mindən çox günəş paneli quraşdırılıb. Onların ümumi gücü 18,3 meqavatdır. Günəşli günlərdə stansiya müəssisənin elektrik enerjisinə olan tələbatını tam ödəyə bilir. İllik hesablamalara görə isə panellər zavodun enerji ehtiyacının təxminən 25 faizini qarşılayır.
“Volkswagen” şirkəti qoyunlardan istifadənin ənənəvi otbiçmə üsulu ilə müqayisədə nə qədər qənaət yaratdığını açıqlamayıb.
Məlumatda bildirilir ki, 2016-cı ilin oktyabrında açılan Vjeşnya zavodu dünyada “Volkswagen Crafter” və MAN TGE markalı furqonların istehsal edildiyi yeganə müəssisədir. 2026-cı ilin iyununa qədər burada 600 mindən çox avtomobil istehsal olunub. Zavodda 3 mindən artıq işçi çalışır, istehsalat prosesində robotlardan, avtonom nəqliyyat sistemlərindən və süni intellekt texnologiyalarından da istifadə edilir.
