Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMAbackend

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü? Böyrəyini bağışlayan şəxsin gələcəkdə sağlamlığı ilə bağlı hansı risklər yarana bilər? Ər-arvad arasında transplantasiya zamanı donorla xəstənin uyğunluğu necə müəyyənləşdirilir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov bildirib ki, böyrək transplantasiyası zamanı donor və resipiyentin uyğunluğunun müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." –  Müsahibə

“Transplantasiya öncəsi böyrəyin histoloji xüsusiyyətləri, eləcə də donor və xəstənin immunoloji və genetik göstəriciləri ətraflı araşdırılır. Bu müayinələr orqanın qəbul edən şəxsin orqanizminə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün aparılır.

Transplantasiyada 100 faizlik uyğunluqdan danışmaq mümkün deyil. Müəyyən immunoloji fərqlər olduğu üçün əməliyyatdan sonra xəstələrə orqanizmin köçürülmüş böyrəyi rədd etməsinin qarşısını alan dərman preparatları təyin edilir. Bu preparatların qəbulu uzunmüddətli, əksər hallarda isə ömürlük olur”.

Rasif Bağırovun sözlərinə görə, transplantasiya olunmuş böyrək insanın öz təbii orqanı ilə tam eyni funksional xüsusiyyətlərə malik olmur.

“Dərman müalicəsinə baxmayaraq, zaman keçdikcə köçürülmüş orqanın fəaliyyətində müəyyən zəifləmələr yarana bilər. Bəzi xəstələr uzun müddət sonra yenidən böyrək transplantasiyasına ehtiyac duyurlar.

Transplantasiyanın nəticələrinə təsir edən amillərdən biri də donorun və resipiyentin yaşıdır. Xüsusilə yaşlı şəxslərdə transplantasiya prosesi daha mürəkkəb keçə bilər. Bununla belə, uyğunluq və digər tibbi göstəricilər əsas rol oynayır”.

Həkim böyrək transplantasiyasının xəstəyə uzun illər yaşamaq imkanı verdiyini vurğulayıb. Onun sözlərinə görə, bəzi hallarda köçürülmüş böyrək təxminən 20 il funksiyasını qoruyub saxlaya bilir. Lakin bu müddət hər kəs üçün eyni deyil və transplantatın fəaliyyətinə müxtəlif amillər təsir göstərir.

Qeyd edək ki, bir böyrəyin bağışlanması donorun gələcək sağlamlığı ilə bağlı da xüsusi tibbi nəzarət tələb edir. Belə əməliyyatdan əvvəl donorun digər böyrəyinin funksiyası, ümumi sağlamlıq vəziyyəti və uzunmüddətli riskləri qiymətləndirilməlidir. Bir böyrəklə yaşamaq mümkündür, lakin bu, mütəmadi müayinələrin və həkim nəzarətinin vacibliyini aradan qaldırmır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*