1596-cı il martın 31-də Fransanın Lae-an-Turen şəhərində dünyaya gələn René Dekart sonralar dünya fəlsəfəsinin ən böyük simalarından birinə çevrildi. Maraqlıdır ki, bu gün həmin şəhər böyük mütəfəkkirin şərəfinə Dekart adlanır. O, 1650-ci il fevralın 11-də İsveçin paytaxtı Stokholmda vəfat edib. Dekart İsveç kraliçası Kristinanın dəvəti ilə bu ölkəyə gəlmişdi.
Onun həyat tərzi də şəxsiyyətinin qeyri-adiliyini göstərirdi. Deyilənə görə, Dekart səhər saat 11-dən əvvəl oyanmaz, oyandıqdan sonra isə daha bir saat yatağında uzanaraq düşünərdi. O, düşünmək üçün xüsusi zamana ehtiyac duyan, hadisələrə tələsmədən yanaşan və daim suallar verən bir insan idi.
1633-cü ildə Dekart “Dünya” (“Le Monde”) adlı əsərini nəşrə hazırlayırdı. Bu əsərdə filosof fizika və kosmologiyaya dair baxışlarını ortaya qoyur, kainatın quruluşunu elmi prinsiplərlə izah etməyə çalışırdı. Onun müdafiə etdiyi əsas müddəalardan biri Yerin Günəş ətrafında fırlanması idi. Bu fikir həmin dövrdə Qalileo Qalileyin elmi araşdırmaları ilə geniş müzakirə olunan heliosentrik nəzəriyyənin əsasını təşkil edirdi.
Lakin Dekart əlyazmasını tamamlamağa yaxınlaşdığı bir vaxtda Qalileyin məhz bu nəzəriyyəni müdafiə etdiyinə görə kilsə tərəfindən mühakimə olunduğunu öyrəndi. Bu xəbər filosofu ciddi şəkildə narahat etdi. O, başa düşürdü ki, yaşadığı dövrdə elmi həqiqətləri açıq şəkildə müdafiə etmək heç də təhlükəsiz deyildi. Dini nüfuzun cəmiyyət və elm üzərində böyük təsirə malik olduğu bir şəraitdə kilsənin qəbul etdiyi ehkamlarla ziddiyyət təşkil edən fikirlər alimlər üçün ciddi problemlər yarada bilərdi.
Dekart mümkün təhlükəni nəzərə alaraq “Dünya” əsərini nəşr etdirməkdən imtina etdi. O, əlyazmanı sadəcə bir müddətlik kənara qoymadı, onun çapından tamamilə vaz keçdi. Əsərin bəzi hissələri yalnız filosofun ölümündən sonra nəşr olundu.
Ancaq bu qərar Dekartın elmi baxışlarından geri çəkilməsi demək deyildi. O, ideyalarını qoruyub saxladı, onları yenidən işləyərək daha ehtiyatlı formada digər əsərlərinə daxil etdi. 1637-ci ildə nəşr olunan “Metod haqqında mühakimə”, 1641-ci ildə işıq üzü görən “İlk fəlsəfə haqqında düşüncələr” və 1644-cü ildə çap edilən “Fəlsəfənin prinsipləri” onun dünyagörüşünün formalaşmasında mühüm mərhələlər oldu.
Həqiqəti söyləmək üçün bəzən susmaq da lazım gəlir
Dekart sonrakı əsərlərində fikirlərini təqdim edərkən ehtiyatlı mövqe tuturdu. O, bəzi nəzəriyyələrini dünyanın mütləq və mübahisəsiz təsviri kimi deyil, müşahidə olunan hadisələri izah edə bilən fərziyyə və modellər kimi təqdim edirdi. Bu yanaşma ona dövrün dini ehkamları ilə birbaşa qarşıdurmadan yayınmağa imkan verirdi.
Bununla belə, filosof elmi düşüncənin gələcəyinə inanırdı. O, ümid edirdi ki, zaman keçdikcə cəmiyyətin dünyagörüşü dəyişəcək, elmi həqiqətlər dini və ideoloji məhdudiyyətlərdən üstün tutulacaq. Dekartın arzularından biri riyazi prinsiplərlə təbiət fəlsəfəsini birləşdirən fizika sisteminin gələcəkdə məktəblərdə tədris olunması idi. O, öz ideyalarının yeni nəsil alimlərin düşüncə tərzinə təsir göstərəcəyinə inanırdı.
René Dekartın həyat hekayəsi yalnız böyük bir filosofun elmi axtarışlarından bəhs etmir. Bu, həm də düşüncə azadlığının, elmi həqiqətin və hakim ideoloji baxışların toqquşmasının tarixidir.
O, yaşadığı dövrün reallıqlarını nəzərə alaraq bəzi fikirlərini açıq ifadə etməkdən çəkinmişdi. Lakin susmaq düşüncələrindən imtina etmək demək deyildi. Dekart öz ideyalarını qorudu və gələcək nəsillərə ötürməyi bacardı.
Bəlkə də bu hekayənin ən mühüm dərsi budur: həqiqəti müvəqqəti susdurmaq mümkündür, amma onu düşünən beyinləri və zamanın yetişdirdiyi ideyaları əbədi susdurmaq mümkün deyil.
Ağagül Mürsəlov,
KONKRET.az
