Azərbaycanda universitetdə təhsil alan və ya ali məktəbi illər əvvəl bitirmiş vətəndaşları maraqlandıran məsələlərdən biri təhsil müddətinin əmək stajına daxil edilib-edilməməsidir. Xüsusilə əyani və qiyabi formada təhsil alan şəxslərin universitet illərinin gələcək pensiya hüquqlarına təsiri suallar doğurur.
Bəs mövcud qanunvericilik nəyi nəzərdə tutur? Hansı hallarda ali təhsil illəri staj kimi nəzərə alına bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Fuad Hacıyev bildirib ki, hazırkı qaydalara əsasən, universitetdə əyani və ya qiyabi formada təhsil almaq avtomatik olaraq əmək stajı yaratmır.

Ekspertin sözlərinə görə, tələbə təhsil aldığı müddətdə rəsmi şəkildə işləyirsə, həmin dövr onun gələcək pensiya hüquqlarına təsir göstərə bilər:
“Universitetdə əyani və ya qiyabi təhsil almaq öz-özlüyündə əmək stajı hesab edilmir. Lakin tələbə oxuduğu müddətdə əmək müqaviləsi əsasında çalışırsa və əməkhaqqından məcburi dövlət sosial sığorta haqqı ödənilirsə, işlədiyi müddət pensiya üçün sığorta stajına daxil edilir. Məsələn, dördillik təhsilinin son iki ilində rəsmi çalışan gənc universiteti bitirərkən artıq ikiillik sığorta stajına malik ola bilər”.
Fuad Hacıyev bildirib ki, 2006-cı ildən əvvəl ali təhsil alan şəxslərlə bağlı fərqli hüquqi qaydalar mövcuddur.
“Yaşlı nəslin nümayəndələri tez-tez bildirirlər ki, əvvəllər universitet illəri də əmək stajına daxil edilirdi. Bu fikrin hüquqi əsası var. 2006-cı il yanvarın 1-dək əyani ali təhsilini başa vurmuş şəxslərin təhsil müddəti müvafiq sənədlər əsasında pensiya hesablanarkən nəzərə alına bilər. Bunun üçün universitetdən və ya arxivdən alınmış təsdiqedici sənədlər təqdim edilməlidir. Sözügedən qayda qiyabi təhsilə şamil olunmur”.
Ekspert diqqətə çatdırıb ki, məsələnin digər mühüm tərəfi tələbələrin hələ universitetdə oxuyarkən əmək bazarına hazırlanmasıdır. Onun fikrincə, gənclərin peşə təcrübəsi qazanması diplom aldıqdan sonraya saxlanılmamalıdır.
“Türkiyədə və Avropanın bir sıra universitetlərində tələbələr artıq ikinci kursdan etibarən ixtisaslarına uyğun müəssisələrdə təcrübə keçirlər. Bu təcrübə öz-özlüyündə pensiya stajı yaratmasa da, məzunların peşə hazırlığına ciddi təsir göstərir”.
Fuad Hacıyev buna nümunə olaraq Türkiyənin paytaxtı Ankarada yerləşən OSTİM Texnik Universitetinin təcrübəsini göstərib:
“Bu universitetin tələbələrin istehsalat təcrübəsi keçməsi üçün 100-dən çox şirkətlə əməkdaşlığı var. Məsələn, istehsalatda keyfiyyətə nəzarət üzrə ikiillik proqramda təcrübə dörd semestrin ikisini əhatə edir. Tələbə üçüncü semestrdə həftədə iki gün, sonuncu semestrdə isə həftənin beş günü müəssisədə olur. Beləliklə, əvvəlcə mütəxəssisin yanında işi öyrənir, daha sonra isə həmin işi müstəqil yerinə yetirmək imkanı qazanır”.
Ekspert İrlandiyanın Limerik Universitetində tətbiq olunan təcrübəyə də diqqət çəkib. Onun sözlərinə görə, burada dördillik proqramlarda təhsil alan tələbələr ixtisaslarından asılı olaraq ikinci və ya üçüncü kursda altı aydan səkkiz ayadək iş yerində təcrübə keçirlər.
“Ən mühüm məqam odur ki, tələbə təcrübədən sonra yenidən universitet auditoriyasına qayıdır. Artıq hansı sahədə çətinlik çəkdiyini, hansı bilik və bacarıqlarının çatışmadığını bilir. Müəllimlərinə konkret suallar ünvanlayır və məzun olana qədər həmin çatışmazlıqları aradan qaldırmaq imkanı əldə edir”.
Fuad Hacıyev hesab edir ki, Azərbaycanda da universitetlərlə işəgötürənlər arasında əməkdaşlıq daha erkən mərhələdən qurulmalıdır.
“İstərdim ki, ölkəmizdə tələbələr ikinci kursdan etibarən müəssisələrdə təcrübə keçmək imkanı qazansınlar. Əvvəlcə mütəxəssisin yanında işi öyrənsinlər, sonra konkret tapşırıqlara cavabdeh olsunlar. Son kursda isə müəssisədə qarşılaşdıqları real problemlər əsasında diplom işi hazırlasınlar.
Belə olduqda gənc ilk iş müsahibəsində yalnız universitetdə keçdiyi fənləri sadalamayacaq. Hansı işi gördüyünü, hansı çətinliklərlə qarşılaşdığını və onları necə həll etdiyini öz təcrübəsinə əsaslanaraq izah edə biləcək. Universitetin dörd ilin sonunda yetişdirməli olduğu hazır kadr məhz belə məzun olmalıdır”.
Ekspert sonda vurğulayıb ki, peşəkar və ixtisaslaşmış kadrların hazırlanması təkcə gənclərin məşğulluğu baxımından deyil, bütövlükdə ölkə iqtisadiyyatının inkişafı üçün də mühüm əhəmiyyət daşıyır.
Beləliklə, mövcud qaydalara əsasən, universitetdə təhsil almaq avtomatik olaraq sığorta stajı yaratmır. Lakin təhsil dövründə rəsmi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin işlədikləri müddət sığorta stajına daxil edilir. 2006-cı ilədək əyani ali təhsil müddətinin pensiya hesablanmasında nəzərə alınması isə müvafiq hüquqi şərtlərdən və təsdiqedici sənədlərdən asılıdır.
Aynurə İsmayıl
KONKRET.az
