“Unutmayaq ki, televiziyalar həm də biznes strukturudur” – Fazil Novruzovbackend

"Unutmayaq ki, televiziyalar həm də biznes strukturudur” - Fazil Novruzov

“Audiovizual Şura (AŞ) heç bir yayımçının yaradıcılıq siyasətinə müdaxilə etmir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov “Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, kütləvi informasiya vasitələri azaddır, bununla belə telekanallarda yayımlanan bəzi proqramların yaratdığı narahatlığı anlamaq olar.

“Amma heç bir dövlət qurumu, fiziki və hüquqi şəxs mediaya nəyi necə yayımlamaqla bağlı göstəriş verə bilməz”.

Aparat rəhbəri diqqətə çatdırıb ki, keçirdikləri monitorinqlər göstərir ki, ixtisaslaşdırılımış telekanallar istisna olunmaqla, informasiya və siyasi-analitik verilişlərin statistikadakı payı 30 faizə yaxındır.

“Hər telekanal yaradıcılıq siyasətini özü müəyyənləşdirir. Hər bir proqramın, verilişin öz auditoriyası və reytinqi var. Əlbəttə, hansısa kanal, əgər ixtisaslaşdırılmış deyilsə, sırf xəbər proqramı və ya sosial xarakterli proqram verə bilməz. Maarifləndirici verilişlərin sayı kanaldan kanala dəyişir. Teleməkanda sosial xarakterli proqramların ümumi göstəricisi 10 %-dən yuxarı deyil, 7 – 8 faizdir. Mədəni-maarif proqramları 12 – 15%, musiqi-əyləncəli verilişlər ”15 – 20 %-ə qədərdir. Orada 20 – 25% reklam yayımları var. Televiziyadan danışırıqsa, unutmayaq ki, bu, həm də biznes strukturudur”.

Eyni zamanda F.Novruzov qeyd edib ki, son illər mediada və audiovizual sahədə keçirilən islahat və yeniliklərin mövcud neqativ halların minimuma endirilməsinə gətirib çıxaracağına inanır.

“Təbii ki, bizi də narahat edən hallar var və biz də buna həssas yanaşırıq. Cəmiyyətdə müsbət və mənfi həmişə qoşa addımlayır. Biz də çalışırıq ki, müsbətimiz daha çox olsun”.

O, vurğulayıb ki, AŞ ictimai qınağa səbəb olan məsələlərlə bağlı tövsiyələrini yayımçılara çatdırır.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*