“Vardanyanın Qarabağdan qaçmasına niyə mane olmadıq?” – MÜSAHİBƏbackend

"Vardanyanın Qarabağdan qaçmasına niyə mane olmadıq?" – MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, özünü Xankəndidəki qanunsuz rejimin “dövlət naziri” kimi təqdim edən rusiyalı milyader Ruben Vardanyan Moskvaya qaçıb. Onun bir daha geri qayıtmayacağı və təslim olduğu bildirilir. Təbii ki, bu, Vardanyanın başqa yolunun olmadığı və Azərbaycan dövtlətinin siyasətinin müsbət nəticə verdiyindən xəbər verir. Bəs, belə olan halda proseslər bundan sonra necə cərəyan edə bilər?

KONKRET.az-ın suallarını Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə cavablandırıb.

– Arzuxan bəy, Ruben Vardanyan Qarabağdan niyə qaçdı?

– Vardanyan Rusiyanın siyasi rəhbərliyi tərəfindən Qarabağa göndərilmişdi. Baxmayaraq ki, Rusiyanın siyasi rəhbərliyi onun Qarabağa göndərilməsindən xəbərsiz olduğunu bildirmişdi. Məqsəd də Paşinyanın, Arayik Arutyunyanın icra edə bilmədiyi məsələlərin Vardanyan tərəfindən icra olunması idi. Amma gedişat göstərdi ki, Vardanyan Rusiyanın Qarabağdakı istəyini sona qədər yerinə yetirmək imkanına malik deyil. Təbii ki, bu məsələdə Azərbaycan dövlətinin siyasi iradəsi böyük rol oynadı. Hazırda Laçın-Xankəndi yolunda davam edən aksiya da bu məsələdə kifayət qədər önəmli rola malik oldu. Vardanyan artıq orada lazımı siyasəti həyata keçirə bilməyəcəyini başa düşdü. Ruben Vardanyan dələduz iş adamıdır, Rusiyanın dəstəyi ilə çirkli pullar qazanıb və Rusiya hakimiyyətində təmsil olunan bir sıra məmur-oliqarxların pullarını idarə etməklə var-dövlət sahibi olub. Yəqin özü də başa düşdü ki, apardığı qeyri-qanuni fəaliyyət onu həm pullarından edə bilər, həm də gələcəkdə siyasi və biznes karyerasına mənfi təsir göstərə bilər. Ona görə də Moskvaya qayıdıb, onu Qarabağa göndərən adamlarla hansısa məsələləri bir daha aydınlaşdıracaq və gələcək taleyini müəyyənləşdirəcək. Təbii ki, Vardanyan kimi adamların ölkəmizin ərazisinə gəlib, Azərbaycan kimi bir dövlətə meydan oxumaq fikrində olması heç bir halda qəbul olunan deyildi və təbii olaraq zəruri reaksiya ilə qarşılaşdı deyə, qaçmaq məcburiyyətində qaldı. Növbəti etaplarda ona hansı təlimatlar veriləcək, onu da gələcək zamanlarda görəcəyik.

– O zaman Vardanyan və ya bu layihənin başqa bir fiquru yenidən eyni missiya ilə Qarabağa göndərilə bilərmi?

– Hesab edirəm ki, xeyr. Çünki artıq bu missiya bir dəfə fiaskoya uğradı deyə, növbəti dəfə eyni cəhdlərin təkrar olunacağını düşünmürəm. Çünki kartlar açıldı və vuruldu. Vurulan kartdan isə ikinci dəfə istifadə olunmur. Ona görə də eyni metoddan istifadə olunmayacaq. Amma istənilən halda, Rusiya ərazidə gərginliyin qalmasında maraqlıdır deyə, ermənilərə dəstək verməyə davam edəcək. Çünki gərginlik yoxdursa, Rusiyanın hərbi-siyasi mövcudluğuna da ehtiyac olmayacaq. Onsuz da sülhməramlı adı altında rus hərbi kontingenti kifayət qədər ermənipərəst mövqedən çıxış edir və onlara dəstək verməklə oradakı vəziyyəti ermənilərin xeyrinə dəyişməyə çalışır. Bu baxımdan, ola bilər ki, bu dəstək başqa formada davam eləsin. Amma yenidən ora kimisə göndərəcəkləri ilə bağlı fikir söyləmək doğru olmaz.

– Vardanyanı Qarabağdan Rusiya sülhməramlıları qaçırıblar. Sülhməramlıların bu addımı nədən xəbər verir? Çünki bu, birbaşa olaraq separatçılığa dəstək verməkdir.

– Birmənalı şəkildə bu, separatçılığa dəstək göstərməkdir. Elə biz iki ildən artıq müddətdir, yəni, Rusiya hərbi kontingentinin Qarabağda yerləşdiyi gündən görürük ki, separatçılara, terrorçulara dəstək verilir, hətta terrorçuların fəaliyyətinə göz yumulur. Onların silahlanmasına, əraziyə daxil olmasına göz yumulur. Hətta Azərbaycan əsgərinə terror aktı həyata keçirən terrorçunun yenidən separatçı rejimə qaytarılıb, qəhrəman kimi təqdim olunmasına şərait yaradılır. Həmçinin, digər faktlar da onu deməyə əsas verir ki, Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və separatçılara dəstək verməkdə davam edir. Bu isə Rusiyanın təkcə 10 noyabr bəyannaməsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi deyil, həm də ötən il Azərbaycanla imzalanmış strateji müttəfiqlik haqqında sazişin də müvafiq bəndlərinin pozulmasıdır. Çünki həmin müqavilə ilə də Rusiya üzərinə öhdəlik götürmüşdü ki, tərəflər öz ərazilərində olan separatçı rejimlərə və terrorçulara qarşı birgə mübarizə aparacaqlar. Təəssüflər olsun ki, Rusiya üzərinə götürdüyü öhdəlikləri lazımı səviyyədə yerinə yetirmir və hesab edirəm ki, belə də davam edəcək. Çünki Rusiyanın bölgədəki siyasəti konkret olaraq bundan ibarətdir və özünün mövcudluğunu orada qoruyub-saxlamaq üçün tərəflər arasında gərginliyin davam etməsində maraqlı olmağa davam edəcək.

Sizcə, Vardanyanın qaçmasına mane ola bilərdik?

– Güman edirəm ki, bizim xüsusi xidmət orqanları onun hansı şəraitdə Qarabağı tərk etməsindən məlumatlı olub. Amma yəqin ki, qarşısını almağa cəhd edilməyib. Çünki Vardanyan bütün dünyaya car çəkirdi ki, guya ərazi blokadadır, yol bağlanıb, heç yerə gedib-gəlmək mümkün deyil. Amma özü ərazini tərk edirsə, artıq özünün irəli sürdüyü yalançı versiyaların da üzərindən xətt çəkmiş olur. Ona görə də Azərbaycan tərəfi doğru olaraq onun getməsinə mane olmayıb. Təbii ki, zamanı gələndə Vardanyan və onun kimilər öz layiqli cəzalarını alacaqlar.

– Vardanyandan əvvəl də separatçıların bəziləri Qarabağdan qaçmaq məcburiyyətində qalıblar. Artıq qondarma rejimin başçısı Arayik Arutyunyan da yoxa çıxıb. Bütün bunlar Rəsmi Bakının Xankəndiyə daxil olmaq perpsketivini daha da artırırmı?

– Təbii ki, hər ötən gün bizim bu istiqamətdə perspektivlərimiz artır. Hər ötən gün Azərbaycan bir addım da irəliləyir. Təbii ki, bu siyasi-diplomatik addımların arxasında Azərbaycanın bəlli bir məqamda öz suveren ərazilərinə daxil olaraq, həmin ərazilərdə öz hüquqlarını bərpa etməsinin də şahidi olacağıq. Çünki Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi, Xocalı, Xocavənd və digər ərazilər Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan əraziləridir və həmin ərazilərdə Azərbaycanın qanunları işləməlidir. Azərbaycan həmin ərazilərdə də nəzarəti tam olaraq üzərinə götürməlidir və bu istiqamətdə də addımlar atılır. Müəyyən obyektiv maneələr var ki, məsələn, bizim Şimal qonşumuz, digər beynəxlaq güclər buna mane olmağa çalışırlar, amma Azərbaycan necə ki, müəyyən dövr ərzində səbir göstərərək torpaqlarının əhəmiyyətli hissəsini iğaldan azad elədi, yenə də bu addımlar davam etdiriləcək, Azərbaycanın yürütdüyü siyasət öz məntiqi nəticəsini tapacaq. Həmin ərazilər birmənalı olaraq Azərbaycan əraziləri olmaqla yanaşı, eyni zamanda tam olaraq Azərbaycanın yurisdiksiyasına keçəcək.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*