“Vatikan kilsəsini, Məkkə, Kəbəni pandemiya yox, Allah özü bağlayıb” – Həmid Herisçibackend

“Vatikan kilsəsini, Məkkə, Kəbəni pandemiya yox, Allah özü bağlayıb” - Həmid Herisçi

Yazıçı-konspiroloq: “Pandemiyadan sonra insan da mutasiya edəcək”

Bəlkə də Fukiyamanın dediyi kimi, tarixin sonudur, yaxud Nitsşenin söylədiyi – dəyərlərin nihilizmi baş verir. Hər nədirsə, dünyaya elə bir fəlakət üz verib ki, istər əyləncə mərkəzləri, istərsə müqəddəs ocaqlar bağlanıb. 

İnsanlar ölkələri səyahət edə bilmirlər, milyonları, “Boeng”ləri olan oliqarxlar evlərindən çölə çıxmırlar, böyük konsert salonları qapadılıb, idman yarışları dayandırılıb, xristian və müsəlman aləmində inanclı adamların arzusunda olduğu ziyarətgahlar onların üzünə dayandırılıb, nə Vatikan kilsəsinə, nə Kəbəyə getmək olur. Yer öz oxu ətrafında sanki daha fırlanmır, həyat və təqvim buz kimi donub.

Yazıçı-konspiroloq Həmid Herisçinin bu mənzərə ilə bağlı öz mülahizələri var. Onun KONKRET.az-a dediyinə görə, bütün bu pandemiya bəlası haqda Zərdüşt peyğəmbərin “Günəş” təqvimində mükəmməl izah var.

“Əslində bu təqvimə bizdə Novruz təqvimi deyirlər. Çox mükəmməl işlənib. Zərdüşt peyğəmbər bu təqvimdə öncəgörmə kimi bu gün üzləşdiyimiz koronavirus barəsində izah verir. Həmin təqvimə görə, bu ilin totemi fildir. Bu, o deməkdir ki, hadisələrin axarı 32 il əvvəlki 1988-ci ili xatırladacaq. Filin tam əksi isə panqolinadır. Hə, bax bu yerdə bütün kodlar açılır.  Deyilənə görə, Çinin Uhan əyalətində yarasa panqolinanı dişləyib və mutasiya baş verib, virus yayılıb. Yəni neçə min il öncə Zərdüşt peyğəmbər koronavirusu anons edib. Fil isə təmizdir, qrip olmur, mikrob götürmür”, – deyə Herisçi izah edir.

Onun sözlərinə görə, bu anonsun həqiqət olduğunu israrla söyləyir və Zərdüşt peyğəmbər “Axır zaman” haqda məlumat verir: “Biz xoşbəxt olmalıyıq ki, qiyamət gününü görürük. Din bu məsələyə izah verir. Bu dəqiqə bütün müqəddəs ocaqlar, Vatikan kilsəsi, Məkkə, Kəbə bağlanıb. Dini təfəkkürdə deyə bilməzsən ki, pandemiya onları bağlayıb, Allah özü qapadıb. Ümumiyyətlə, Qurani-Kərimdə axirət haqda əhvalatlar çoxdur və mən  axır zaman estetikası ilə razıyam. Quran demir ki, axirətdə hər şey məhv olur. Budur qiyamət – istehsalat, hərəkət, həyat dayanıb. Yəni, bizi evdə virus, yoxsa Allah oturdub?”

H.Herisçi əminliklə qeyd edir ki, pandemiyadan sonra insan da dəyişəcək, mutasiya edəcək: “Ağ adamlar işləmirdilər, dünyanı gəzirdilər. Artıq bunlar qurtardı, turist anlayışı keçmişdə qaldı. Hətta turistlər Bakıda da yerimizi dar eləmişdilər. Çünki qiymət baha idi. Tək bizə aid deyil, parislilər Parisi, venesiyalılar Venesiyanı turistin əlindən görmürdü. Və maraqlıdır ki, karantindən sonra Uhana fillər girdi. Bu da fil ili olmasını təsdiq edir. Təkcə Uhana fillər deyil, Venesiyaya balıqlar, Parisə ördəklər qayıdıb.

Bəs, müqəddəs Notrdam kilsəsinin yanması? O ki Parisin qoruyucu mələyidir. Onun yanması gələcəyin bədbəxtçilik anonsu idi. Hətta İspaniyada feministlər diktator Frankonun qəbrini açdılar. İspaniya mətbuatı yazırdı ki, virus Frankodan keçib. Bu cür mistik izahlar verilir və biz qiyamətə şahidlik edirik”.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*