Aydın Nuri adlı abonent “Azərişıq”dan şikayətçidir.
KONKRET.az xəbər verir ki, o, xəbərdarlıq etmədən qurum nümayəndələrinin yaşadığı mənzilin sayğacını dəyişdiyini bildirib.
“Evdə heç kim olmadığı halda “Azərişıq” ASC-nin əməkdaşı gəlib sayğacı dəyişib. Heç bir xəbərdarlıq etmədən, ev sahibinin məlumatı, imzası olmadan sayğacı dəyişib və 120 manat akt yazıb. Bununla belə, qapıya da heç bir məlumat qoymayıblar. 120 manat borc çeki qoyduqlarına görə qaynar xətlərinə zəng vurduqda sayğacın dəyişdirildiyi üçün akt yazıldığını qeyd ediblər”.
Qeyd edək ki, vətəndaşın narazılığından sonra evə yazılı akt göndərilib. Aktda qeyd olunub ki, abonent protokola imza atmaqdan imtina edib.
“Adama deyərlər, abonenti görmüsünüzmü? Abonentə Xəbər vermisinizmi? İmza atmağı tələb etmisinizmi? İmza atmaqdan kim imtina edib? Özbaşına bunu etmək nə dərəcədə doğrudur? Mən haradan bilim ki, həqiqətən də sayğac problemi olduğu üçün dəyişdirilib? Bəlkə evdə bir müddət yaşayış olmadığını, sayğacın pul yazmadığını görüb özünüzdən bu qərara gəlmisiniz? Yoxsa 120 manat pula ehtiyacınız var?”.
Narazı sakin bildirib ki, müxtəlif bəhanələr gətirən “Azərişıq” indi də əməkdaşlarını göndərərək ona xəbərdarlıq edib. Bildirilib ki, gün ərzində borc ödənilməsə, elektrik enerjisinin verilişi dayandırılacaq.
KONKRET.az
