Azərbaycan müstəqilliyə qovuşduqdan sonra hüquqi-demokratik dövlət quruculuğu istiqamətində atılan məqsədyönlü addımlar ölkəmizi dünya çapında nüfuzlu söz sahibinə çevirdi. Təbii ki, bu proses heç də asan başa gəlməyib, uzunmüddətli inkişaf yolu keçib.
Hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov KONKRET.az-a müstəqil Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən genişmiqyaslı işləri ərtaflı şəkildə şərh edib:

– İlk öncə qeyd edim ki, hüquqi dövlət quruculuğu prosesi asan və qısa müddət ərzində formalaşan proses deyil. Hüquqi dövlət hər bir müasir demokratik cəmiyyətin inkişafının təməl prinsiplərini özündə ehtiva edən və qanunun aliliyinə əsaslanan idarəetmə modelidir. Bu prosesdə dövlət və cəmiyyət, o cümlədən, vətəndaş cəmiyyəti institutları yaxından iştirak etməli və buna hərtərəfli hazır olmalıdır. Müasir dövrdə hüquqi dövlət quruculuğunun inkişafı beynəlxalq hüquqi inteqrasiyadan, insan hüquq və azadlıqlarının səmərəli formada təmin olunmasından, mütərəqqi-hüquqi mexanizmlərin yaradılması və hüquq normalarının effektiv tətbiqindən bilavasitə asılıdır.
Məlumdur ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu, liberal hüquqi dəyərlər konstitusion qaydada milli qanunvericilik sistemində təsbit olunmağa başladı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi və qüvvəyə minməsi ilə hüquqi dövlət quruculuğu istiqamətində ən mütərəqqi addımlar atıldı.
Xüsusi qeyd olunmalıdır ki, bu dövrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində əsaslı islahatlar həyata keçirilmiş, demokratik hüquqi dövlət quruculuğunun inkişafına xüsusi diqqət ayrılmışdır.
İlk növbədə ölkəmizdə hüquqi dövlətin mühüm istiqaməti olan məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi sahəsində önəmli addımlar atıldı. Bu da təsadüfi deyildi. Çünki demokratik inkişaf yolunu tutmuş ölkəmizdə keçmiş sovetlər birliyindən miras qalmış hüquq sistemi ilə insan haqlarının müdafiəsinə yönələn mütərəqqi islahatlar həyata keçirmək mümkün olmazdı. Ona görə də, ölkəmizin məhkəmə və hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu, müasir məhkəmə sistemi yaradıldı, Avropa standartlarına uyğun qanunvericilik bazası formalaşdırıldı.Hüquqi dövlət üçün zəruri olan islahatlar dövrü başlandı.Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı və bundan sonra “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi.
Bu dövrdə hüquqi dövlətin əsas təməl prinsiplərindən biri olan insan hüquqlarının təminatı sahəsində mühüm nəaliyyətlər əldə edildi. İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlandı. Ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməyə başlandı və İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı.
2000-ci ildə dövlət orqanları sırasında ilk dəfə olaraq hakimlərin seçilməsi prosesində test üsulu ilə imtahan tətbiq edilmiş, müstəqil məhkəmə hakimiyyətinin yaradılması istiqamətində mühüm addımlar atılmış və yeni məhkəmə sistemi fəaliyyətə başlamışdır. Qeyd olunmalıdır ki, bu gün insan haqlarının qorunmasında məhkəmə fəaliyyətinə böyük əhəmiyyət verən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən məhkəmə sisteminin beynəlxalq norma və prinsiplərə uyğun daha da təkmilləşdirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir, yeni normativ-hüquqi baza üzərində tam yeni elektron məhkəmənin formalaşdırılması ilə hüquqi dövlət quruculuğuna yeni-yeni töhfələr verilir.
Bu sırada ölkə başçısının “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncamı və məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 03 aprel 2019-cu il tarixli Fərmanı ən mühüm qanunvericilik tədbirlərindən biridir. Ötən dövr ərzində məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, icra və əmək intizamının möhkəmləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər mənfi halların aradan qaldırılması üzrə məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ardıcıl şəkildə həyata keçirilən islahatlar başlıca olaraq hüquqi dövlətin ən ümdə vəzifəsi olan insan hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəlib. Əlbəttə, bu gün dünyanın hər bir ölkəsində olduğu kimi, respublikamızda da dünya təcrübəsində tətbiq edilən hüquqi innovasiyalara, cəmiyyətimizin dinamik inkişafına uyğun olaraq, hüquq sistemində də əsaslı dəyişikliklər zamanın tələbi kimi çıxış edir və davamlı xarakter daşımalıdır.
Qeyd etmək lazımdır ki, bu gün ölkəmiz regionun digər ölkələrindən fərqli olaraq demokratik hüquq təsisatlarının həm qanunvericilik, həm də institusional qaydada daha çevik formada formalaşmasına nail olub.
– Hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətlərinin rolu nə dərəcədə əhəmiyyətli olub?
– Demokratik-hüquqi dövlətin təməl prinsiplərindən biri olaraq ölkəmizdə vətəndaş cəmiyyətinin qurulması prioritet məsələ kimi bəyan edilib. Vətəndaş cəmiyyəti olmadan dövlətin fəaliyyətinə səmərəli ictimai nəzarət, şəffaflıq və digər demokratik dəyərlərdən söhbət gedə bilməz. Ona görə, dövlətimiz tərəfindən vətəndaş cəmiyyəti institutlarının inkişafı daim diqqət mərkəzindədir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə demokratiya və hüquqi dövlət üçün zəruri sahə hesab edilən vətəndaş cəmiyyətinin əsasını təşkil edən qeyri-hökumət təşkilatları (QHT) yaranmağa başladı, QHT sektorunun qanunvericilik və institutsional bazası formalaşdı.
Ölkəmizdə ilk dəfə olaraq, ictimai birliklərin və fondların, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi məqsədilə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında 13 iyun 2000-ci il tarixli Qanun qəbul edildi.
Qeyd olunan qanun bu gün ölkəmizdə vətəndaş cəmiyyəti institularının fəaliyyətini tənzimləməklə, eyni zamanda dövlət hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları arasında münasibətləri də tənzimləyir.
Qanuna müvafiq olaraq, qeyri-hökumət təşkilatının hüquqları bütün dövlət orqanları tərəfindən qorunur və QHT-lər qanunvericilik çərçivəsində öz fəaliyyətini müstəqil olaraq həyata keçirmək hüququna malikdir. Dövlət hakimiyyət orqanları qeyri-hökumət təşkilatlarına maliyyə və başqa formalarda yardım edir, onların ictimai təşəbbüsləri dəstəklənir. Bu məqsədlə öncə Azərbaycan Respublikasının Prezidenti tərəfindən də 13 dekabr 2007-ci ildə imzalamış Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmış və ölkəmizdə bir sıra layihələrin həyata keçirilməsində maliyyə yardımları edilmişdir. Qeyri-hökumət Təşkilatlarına dövlət dəstəyinin əsas prinsip və formaları, prioritet sahələri, dövlət dəstəyinin təmin olunmasının əsas vasitələri və digər konseptual məsələləri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” təsdiq edilmişdir.
Hazırda isə vətəndaş cəmiyyətinin inkişafında yeni institusional mexanizm olan Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən səmərəli fəaliyyət həyata keçirilir, QHT-lərə hər cür maliyyə və digər formalarda dəstək göstərilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ölkə Prezidentinin 19 aprel 2021-ci il tarixli fərmanı ilə yaradılmış və qurumun Nizamnaməsi təsdiq edilmişdir.
Bu gün ölkəmizdə həyata keçirilən hüquq islahatlarında, hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin rolu təkcə onların həyata keçirdiyi fəaliyyətlə deyil, eyni zamanda onların dövlət qurumları ilə, o cümlədən məhkəmə hüquq islahatlarını həyata keçirən hüquq-mühafizə orqanları ilə qarşılıqlı səmərəli əməkdaşlıqda özünü bariz şəkildə göstərir. Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında, hüquqi dövlət quruculuğunda fəal rol oynayır, ölkənin milli maraqlarının qorunmasında, müxtəlif sahələr üzrə dövlət proqramlarının icrasında, həmçinin cəmiyyət həyatının bir sıra sahələrində yaranan problemlərin həllində yaxından iştirak edirlər.
– Ümumən, ölkəmizdə vətəndaş cəmiyyətlərinin fəaliyyətlərini qənaətbəxş hesab etmək olarmı?
– Düşünürəm ki, bu gün bütün istiqamətlərdə vətəndaş cəmiyyəti üzərində tam mənada dövlət qayğısı mövcuddur. Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərlə qarşılıqlı əməkdaşlığı bu sektora tam rahat və səmərli fəaliyyət göstərmək üçün münbit şərait yaratmışdır. Demək olar ki, hər bir sahə və istiqamət üzrə layihələr maliyyələşdirilir, üçüncü sektorun qanunvericiliyə müvafiq olaraq maneəsiz fəaliyyəti təmin olunur.
QHT-lər ölkəmizdə aktual olan bütün problemlərin həllində yaxından iştirak edir. Hazırda 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin azad edilmiş torpaqlarında intensiv bərpa-quruculuq işləri həyata keçirilir, erməni cinayətlərinin nəticələri ilə bağlı hüquqi proseslər icra edilir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri, hər bir QHT cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu genişmiqyaslı yenidənqurma işlərinə dəstək verməklə, bu sahədə ictimai təşəbbüslərlə çıxış edir, mühüm layihələrin icrasında yaxından iştirak edir. Əminliklə qeyd etmək olar ki, bundan sonra da Qarabağ və Şərqi Zəngəzurda yol-nəqliyyat, enerji, sosial infrastrukturların yenidən qurulması, Ermənistan tərəfindən işğal dövründə tamamilə dağıdılmış tarixi, dini və mədəni abidələrimizin bərpası, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi üzrə işlərdə QHT-lər də yaxından iştirak edəcək, bu genişmiqyaslı fəaliyyətdə dövlətimizə dəstək olacaqlar.
Eyni zamanda, bu gün aktual olan məsələlərdən biri də Ermənistanın hərbi təcavüzü, soyqırım cinayətləri, 2020-ci ildə ermənilər tərəfindən Gəncədə, Bərdədə, Tərtərdə və digər şəhərlərimizdə törədilən cinayətlərin mühakiməsinə nail olunması istiqamətində dövlətimizə yaxından dəstək olmaqdır ki, bu işdə də QHT-lərimiz fəal şəkildə təbliğat və maarifləndirmə işlərinə cəlb olunublar.Ümumiyyətlə, qeyd olunmalıdır ki, hazırda QHT-lər ölkədə müharibədən sonrakı bərpa-quruculuq və erməni cinayətlərinə ədalətli hüquqi qiymətin verilməsi üzrə həyata keçirilən işlərə öz töhfələrini verməkdədirlər. Onlar ölkənin demokratik-hüquqi və sosial-iqtisadi həyatında fəal rol oynamaqla, bütövlükdə ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edirlər. Bu proses həqiqətən də, qənatbəxş hesab edilə bilər.
Əminəm ki, ölkəmizdə vətəndaş cəmiyyəti institutları qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olmaq üçün dövlət başçısının növbəti onillikdə ölkənin sosial-iqtisadi tərəqqisinin davamlılığını, inklüziv cəmiyyətin və müasir innovasiyaların inkişafını, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışı təmin etmək məqsədilə təsdiq etdiyi 2030-cu ilədək Milli Prioritetlərin əhəmiyyəti nəzərə alınaraq, bu prosesdə yaxından iştirak edəcək və öz köməyini əsirgəməyəcəkdir.
Sevinc Paşayeva,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusuna uyğun olaraq dərc edilir.

