“Vətəndaşla dövlətin hərdən mübahisəsi düşə bilər” – ŞƏRHbackend

"Vətəndaşla dövlətin hərdən mübahisəsi düşə bilər" - ŞƏRH

Tarif Şurası dövlətin, dövlət xalqın mənafeyi üçün…

Azərbaycanda  yeni taarif artımından yaranan mənzərə belə deməyə əsas verir.

İki gündür müşahidə edirəm. Ölkədə əməlli səs-küy yaranıb. Və ya bu səs-küyü yaradıblar. Belə  ki, Taarif Şurası qaz və elektrik enerjisi taariflərinin artırılmasında simvolik rəqəmlər açıqlayıb. Bəzi dairələri bir qədər çaşqın qoyansa bu qərara paralel  dövlət başçısı insanların sosial rifah halının yaxşılaşdırılması üçün sərəncamlar imzalaması oldu. Yəni maaşların artırılması üçün sərəncam imzalandı. Onda da sərəncamda artım faizinin göstərilməməsi məsələsi ilə səs-küy salındı. Halbuki sərəncam göstəriş, tapşırıq vermək deməkdir. İerarxik baxımdan sərəncamdan sonrakı mərhələdə işi Nazirlər Kabineti, Maliyyə Nazirliyi devr. Bizsə çox sadə, mürəkkəb iqtisadi dildən çıxarılmaqla insanlara durumu izah eləməliyik. Çünki əhalini onun cibindən çıxacaq artıq pul narahat edir ki, bu məsələdə o haqsız sayılmır.

***

Başlayaq ondan ki, qazın  bir kub metri 2021-ci il üçün qonşu dövlətlərdə və Azərbaycanda necədir?

Türkiyədə, 36 qəpik;

Ukraynada, 87 qəpik;

Gürcüstanda, 29 qəpik;

Belarusda, 34 qəpikdir.

Azərbaycanda bu rəqəm qazın taarifi üzrə ən yuxarı həddə 25 qəpik təşkil edir. Bu taariflər Azərbaycanda qeyri-əhali üzrə də eynilik təşkil edir.  Qeyri-əhali üzrə qiymətlər, Türkiyədə 60, Ukraynada 2 manat, Belarusda isə 55 qəpikdir.

Dünyaya gəlincə, enerji böhranı Avropa və Asiya bazarları arasındakı rəqabəti də kəskin artırıb.

Məsələnin Azərbaycanla bağlı tərəfinə SOKAR rəsmi açıqlama verib: “SOCAR ölkədə yeganə qaz hasilatçısı deyil, başqa şirkətlər də qaz hasil edir. SOCAR Azərbaycanın təbii qaza tələbatını təmin etmə üçün başqa şirkətlərdən, xüsusən Şahdəniz konsorsiumundan qaz alırdı. Lakin artıq 1 ilə yaxındır ki, qazın topdan alışı və satışını dövlət şirkəti olan “Azərkontrakt” Səhmdar Cəmiyyəti həyata keçirir. Azərkontrakt SOCAR və digər qaz hasilatçılarından qazı topdansatış qiymətinə alaraq, qazpaylayıcı şəbəkələrə, “Azərenerji” ASC-yə və digər qurumlara satmaqdadır. “Azərkontrakt”-ın aldığı qazın bir qisminin qiyməti dövlət tərəfindən tənzimlənir. Burada söhbət SOCAR-dan alınan qazdan gedir. Qazın bir qisminin qiyməti isə bazar şəraitinə görə dəyişə bilər. Yəni Şahdəniz Konsorsiumundan alınan qazın qiyməti bazar qiymətlərindən asılıdır. Bazarda qiymətlər artdıqca həmin qazın dəyəri və qiyməti də artmaqdadır. Bu zaman qazı alan “Azərkontrakt”-ın xərci də artır. Qazın satış taarifləri dəyişmədikcə də xərclərdə olan artımın kompensasiyası mümkün olmur. Ya gərək dövlət subsidiyalaşdırsın ki, bunun da müəyyən fəsadları var, dövlət büdcəsi üçün əlavə yük yaradır, uzunmüddətli perspektivdə qeyri-dayanıqlı görünür. Ya da qiymət də artımı baş verməlidir. Qiymət artımının da əsas səbəbi budur”.

Mütəxəssislərsə hesab edir ki, mövcud taariflərin dəyişməsi iqtisadiyyatın zərərlə işləməsinin qarşısını alacaq. Və bu günə olan dünya bazarı standartı da bu artımı tələb edir.  Bundan başqa, mütəxəssislərin hesablamasına görə qazın artım taarifi  dörd nəfərlik azərbaycanlı ailənin istehlak səbətinə cəmi 1,72 manat məbləğində təsir edir ki, bu böyük məbləğ sayılmır.

Həm də ona görə sayılmır ki, artıq dövlət başçısı əməkhaqlarının artıtılmasına dair də sərəncam imzalayıb.

***

İndi Azərbaycan dünya ilə mücadilədədir. Ölkəni tək siyasi deyil, iqtisadi də vururlar. Odur ki, dövlət bir çox məsələlərdə dünyanın, onun müxtəlif bazarlarının, xüsusən qaz, enejri bazarlarının standartına uymaq məcburiyyətindədir. Əks halda, çox sadələşdirilmiş dildə desək vəziyyət ölkənin iqtisadi çöküşünü təmin edə bilər ki, bunə indiki halda qətiyyən yol vermək olmaz.

Əminəm, oxucular arasında belə fikirləşənlər də var ki, bu vəziyyəti imkanlılar, məmurlar, varlılar niyə etmir, niyə dözmür, niyə ölkənin, dövlətin əziyyətini onlar da çəkmir? Deyim biləsiniz, VƏTƏN həmişə çoxluqda olanındır. Və yuxarıda sadaladıqlarım çoxluq deyil, azlıqdır. Bu da günün reallığıdır, bu dediyim çoxluq maddi təminat baxımından əziyyət çəkən insanlardan ibarətdir həm də. Və dövlətlə çiyin-çiyinə bütün mərhələlərdə siyasi, iqtisadi, hərb müstəvisində savaşan da məhz o təbəqədir, çoxluq olan, az təminatlı, amma fədakar xalq. Və dövlət öz imkanları çərçivəsində həmin çoxluğun dözümünü, əzmini, fədakarlığını görür, dəyərləndirir. Məsələn, hazırkı durum üçün bunu belə söyləmək olar.  Tariş Şurasının qərarına paralel dövlət başçısı maaşların artırılmasına dair sənəd imzalayır. Bu, dövlətin xalqı gördüyü məqamdır.

Artıq bir vacib məsələ də həllini tapıb. Maaşlar taarif artımlarına adekvatdırmı? Sualının cavabı açıqlanıb.

Belə ki, rəsmi məlumatlardan bəlli ki, yanvar ayından etibarən, əhalinin maaş artımları qırx faizə çatdırılacaq. Və bu məbləğ əməkhaqqı alan hər kəsin maaşında hiss etdirəcək qədər olacaq. Deməli, məsələn dörd nəfərin ailə büdcəsi üçün o qədər də ziyanla nəticələnməyəcək. Enerji taariflərinə görə hər ay 1,72 qəpik ödəyəcək dörd nəfərlik azərbaycanlı ailəsi bunun bir neçə mislini həm də maaşına əlavə kimi alacaq.

Yerdə qalanı o ki, yola davam. Vətəndaş və dövlətin hərdən mübahisəsi düşsə də, birgə addımlamaqdan başqa yolu yoxdur çünki.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*