Orta məktəb missiyanı yerinə yetirmir – Elm və Təhsil Nazirliyi islahat aparmalıdırbackend

Orta məktəb missiyanı yerinə yetirmir - Elm və Təhsil Nazirliyi islahat aparmalıdır

Azərbaycanda repetitorluğun, ödənişli kursların və pullu liseylərin geniş yayılması dövlət məktəblərində təhsilin keyfiyyəti ilə bağlı sualları yenidən gündəmə gətirir. Ailələr övladlarının daha yaxşı təhsil alması üçün əlavə vəsait xərcləməyə məcbur qalırsa, bu halda keyfiyyətsiz təhsil verən dövlət məktəblərinə nə ehtiyac var?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti, dosent İlham Əhmədov bildirib ki, təhsil hər zaman dövlətin əsas diqqət mərkəzində olub və bu sahənin inkişafı üçün kifayət qədər maliyyə ayrılıb.

Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan təhsilində hələ də ciddi problemlər qalmaqdadır. Bu problemləri ölkədaxili və beynəlxalq qiymətləndirmələr də sistematik şəkildə göstərir.

“Təhsilin 30 il davam edən ən ciddi problemi repetitorluğun kütləvi hal alması, bunun nəticəsində məktəbdə tədris mühitinin dağılması və təlim-tərbiyə prosesinin pozulmasıdır. ETN uzun müddət bu problemi görməzliyə vurdu, sonralar hansısa formada buna bəraət qazandırmağa cəhdlər etdi. İndi isə bu problemin mövcudluğunu etiraf edir. Amma etiraf etmək azdır, problemi həll etmək lazımdır”, – deyə ekspert vurğulayıb.

İ.Əhmədov qeyd edib ki, nazirin “biz nə etmək lazım olduğunu bilirik, amma necə etmək lazım olduğunu bilmirik” fikri də bu baxımdan diqqət çəkir:

“ETN bu metodologiya ilə 23 ildə neft kapitalını insan kapitalına çevirə bilmədi. “Nə etmək lazımdır” sualına cavab verənləri, yol göstərənləri də eşitmək istəmədi”.

Ekspertin sözlərinə görə, təhsil ölkənin bir nömrəli prioriteti elan edildikdən sonra ilk növbədə ETN-nin özündə ciddi islahatlar aparılmalıdır. Əks halda, onun fikrincə, təhsildə ciddi dəyişiklik olmayacaq.

“Ölkənin insan kapitalına məsul olan qurumun özünün insan kapitalının keyfiyyətini, peşəkarlığını, proseslərə elmi yanaşmanı təmin etmək lazımdır. Menecerlər təhsil metodologiyasını öyrənməlidirlər. Ölkə təhsilinin metodologiyası olmadığı halda, menecerlər texnologiya axtarışındadırlar. Metodologiyası, fəlsəfəsi olmayan təhsil təbii ki, tərsinə qurulacaq”, – deyə o, bildirib.

İ.Əhmədov hesab edir ki, metodoloji tədqiqatlara kifayət qədər vəsait ayrılmadığı halda təhsil texnologiyalarına böyük məbləğlərin xərclənməsi də gözlənilən nəticəni vermir.

“Metodoloji tədqiqatlara pul ayırmayanlar təhsil texnologiyalarına yüz milyonlarla manat sərf edirlər. Amma bunun da faydası yoxdur, çünki bu proseslər yarımçıq, sistemsiz və elmsiz aparılır. Təhsil menecerləri indi də ABŞ-da süni intellekt axtarışındadırlar. Metodologiyasız təhsil sisteminə heç bir texnologiya – nə kompüter, nə internet, nə süni intellekt, nə də STEAM yardımçı olmaz”, – ekspert bildirib.

Onun sözlərinə görə, pedaqogikanı, təhsil metodologiyasını və fəlsəfəsini bilməyənlərin ölkə təhsilini prioritet istiqamətə çevirməsi mümkün deyil.

“Son illərin acı təcrübəsi bunu bir daha sübut etdi. İllərdir biz öz yazılarımızda bu məsələləri menecerlərə izah edirik, amma görünən budur ki, bunun xeyri yoxdur. Görünür, ETN-nin tez-tez təkrar etdiyi “əhalinin 60 faizinin mətni anlamaması problemi” daha dərindir”, – deyə İlham Əhmədov qeyd edib.

Ekspert vurğulayıb ki, ölkədə repetitorluğun, ödənişli kursların və seçmə liseylərin geniş yayılması mühüm sual doğurur: əgər ailələr uşaqlarının keyfiyyətli təhsil alması üçün əlavə pul ödəməyə məcburdurlarsa, dövlət məktəbinin əsas funksiyası nədən ibarətdir?

“Bu suala cavab ilk növbədə hüquqi müstəvidə verilməlidir. Azərbaycan Konstitusiyasının 42-ci maddəsinə görə dövlət pulsuz və icbari ümumi orta təhsil hüququnu təmin edir. “Ümumi təhsil haqqında” Qanun isə dövlət məktəblərində hər bir şagirdin pulsuz ümumi təhsil almaqla yanaşı, dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq hüququnu da təsbit edir”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, repetitorluğun genişlənməsi dövlət məktəbinin əvəzlənməsi deyil, sistemdə yaranmış keyfiyyət boşluğunun bazar tərəfindən doldurulması kimi qiymətləndirilə bilər.

“Burada əsas məsələ repetitorluğu qadağan etmək deyil. Əsas məsələ dövlət məktəbini elə keyfiyyətli etməkdir ki, repetitorluq məcburiyyət yox, seçim olsun. Bunun üçün məktəbin idarəetməsi, müəllim hazırlığı, təlim metodikası, qiymətləndirmə, məktəb rəhbərliyinin məsuliyyəti və nəticələrə əsaslanan maliyyələşmə yenidən qurulmalıdır”, – deyə İlham Əhmədov vurğulayıb.

Ekspert hesab edir ki, dövlət məktəbi sosial bərabərliyin əsas institutudur. Onun zəifləməsi ailənin gəlirindən asılı olaraq təhsil imkanlarının fərqlənməsini dərinləşdirə bilər.

“Buna görə məsələ “dövlət məktəbi, yoxsa repetitor?”seçimi deyil; dövlət məktəbinin niyə öz konstitusion və pedaqoji missiyasını tam yerinə yetirmədiyi sualıdır”, – deyə o, bildirib.

İ.Əhmədovun sözlərinə görə, Elm və Təhsil Nazirliyi təhsilin prioritet olması üçün nəhayət lazımi işləri görməlidir.

“ETN təhsili keyfiyyətli, pulsuz, kütləvi və əlçatan etməyə çalışmalıdır”, – deyə ekspert əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*